Prezident İlham Əliyev

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

BAKI,TurkicWorld

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb.

Dövlətimizin başçısı bununla bağlı deyib: "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.

Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (CİCA) Yeddinci Sammiti keçirilir.

İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.

Tədbirdə dövlət və hökumət başçıları, AQEM-ə üzv dövlətlərin, müşahidəçi dövlətlərin, müşahidəçi təşkilatların və tərəfdaş qurumların nümayəndə heyətləri iştirak edirlər.

Sammit beynəlxalq münasibətlərdə, o cümlədən Asiyada dövlətlərarası ziddiyyətlərin kəskinləşdiyi, münaqişələrin alovlandığı və yeni münaqişə ocaqlarının yaranması ilə müşahidə olunan mürəkkəb mühitdə üzv dövlətlər arasında dialoq və etimad quruculuğu məsələlərinin müzakirəsi üçün mühüm fürsət təşkil edir.

Laosun yeni üzv qismində AQEM-ə qəbul edilməsi sammitin ən əlamətdar nəticələrindən biri hesab olunur. Tədbir AQEM çərçivəsində fəaliyyətin təşviqi və ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində sənədlərin qəbulu ilə əlamətdar olacaq.

Sammitin ən mühüm siyasi sənədi kimi Bakı Bəyannaməsinin qəbulu gözlənilir. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi bütün dövlətlər tərəfindən təqdir edilir, iki il ərzində müxtəlif istiqamətlər üzrə irəli sürülmüş təşəbbüslər və keçirilmiş tədbirlər alqışlanır. Sənəddə həmçinin, beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi, ətraf mühit kimi sahələrdə risklərlə mübarizə yollarına dair konkret müddəalar öz əksini tapır. Bakı bəyannaməsində dözümlülük və sivilizasiyalar arası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin irəlilədilməsi, o cümlədən süni intellektin inkişafından qaynaqlanan imkan və risklərə xüsusi diqqət yetirilir.

Bakı bəyannaməsindən əlavə, sammitdə Əməyin təhlükəsizliyi və sağlamlığı mövzusunda ayrıca bəyanatın da qəbulu nəzərdə tutulur.

Mövzuya görə xəbərlər