BAKI,TurkicWorld
2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunub.
Bu barədə Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində "2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları"nın müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, 2027–2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövrregionda cərəyan edən mürəkkəb geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meylləri baxımındanölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.
"Bu şərait qarşıdakı mərhələdə dövlət siyasətinin prioritetləri nəzərə alınmaqla mövcud imkanlardan səmərəli istifadə olunmasını və mümkün risklərə hazırlığın daha da gücləndirilməsini zəruri edir.
Qeyd edilən vəzifələrin həyata keçirilməsində səmərəli büdcə və fiskal siyasət mühüm rol oynayır. Qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas şərtlərdən biridir.
Bu yanaşma maliyyə planlaşdırılmasının ölkənin uzunmüddətli inkişaf prioritetləri və hazırda icra olunan strateji sənədlərlə sıx uzlaşdırılmasını zəruri edir.
Bu baxımdan, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və onun əsasında hazırlanmış "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", eləcə də "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır.
Sözügedən sənədlər uğurla icra olunur və cari il Strategiyanın həyata keçirilməsinin son ilidir.
Son dövrdə cənab Prezident tərəfindən qəbul olunan yeni dövlət proqramları ilə bağlı olaraq Strategiya üzərində son tamamlanma işləri aparılır və yaxın aylarda təsdiq olunacağı gözlənilir", - deyə Ə.Əsədov bildirib.





