Son dəqiqə

Azərbaycan Qazaxıstan

Qazaxıstan Azərbaycanla Orta Dəhlizin inkişafı üzrə saziş imzalamağı planlaşdırır

Astana. TurkicWorld:

Qazaxıstan Azərbaycanla Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) inkişafı üzrə əməkdaşlığa dair hökumətlərarası saziş imzalamağı planlaşdırır.

TurkicWorld bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

"Marşrutda iştirak edən ölkələr marşrutun inkişafı, onun beynəlxalq yük göndərənlər üçün cəlbediciliyinin artırılması və buraxıcılıq qabiliyyətinin yüksəldilməsi istiqamətində birgə işi davam etdirəcəklər. Belə ki, TBNM-in institusional statusunun yüksəldilməsi məqsədilə Azərbaycanla TBNM-in inkişafı üzrə əməkdaşlığa dair hökumətlərarası saziş layihəsi hazırlanıb. Onun yaxın vaxtlarda imzalanması planlaşdırılır", – deyə nazirliyin məlumatında bildirilir.

Məlumata görə, son 7 ildə TBNM üzrə daşımaların həcmi 5 dəfə artaraq ildə 0,8 milyon tondan 4,5 milyon tona çatıb. 2025-ci ilin yekunlarına görə bu marşrutla təxminən 77 min TEU daşınıb. 2029-cu ilə qədər plan 300 min TEU təşkil edir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Mövzuya görə xəbərlər