BAKI,TurkicWorld
Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyar Çinə işgüzar səfər edib və Qazaxıstan-Çin Əməkdaşlıq Komitəsinin 12-ci iclasında iştirak edib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Qazaxıstan və Çin su təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirmək üçün sənədlər imzalayıb.
ÇXR Dövlət Şurası sədrinin müavini Din Syue-Syan ilə keçirilən ikitərəfli danışıqlarda ticarət, investisiya, nəqliyyat və logistika, kənd təsərrüfatı, enerji və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Tərəflər Qazaxıstan və Çin arasında əməkdaşlığın müsbət inkişaf dinamikasını yüksək qiymətləndiriblər. Ötən ilin yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 43,8 milyard dollar təşkil edib.
Səfər çərçivəsində Çinin metallurgiya, energetika, maşınqayırma və aqrar sənaye sektorunda fəaliyyət göstərən aparıcı şirkətləri ilə görüşlər keçirilib. Qazaxıstan nümayəndə heyətini profil nazirliklər və iri yerli müəssisələrin rəhbərləri təmsil edib.
Qazaxıstanda kömür kimyası, avtomobil istehsalı, kənd təsərrüfatı məhsullarının dərin emalı və bərpa olunan enerji mənbələri sahələrində birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Baş nazirin birinci müavini ölkənin sənaye inkişafına önəm verdiyini vurğulayaraq Çin şirkətlərini Qazaxıstan biznes sektoru ilə daha sıx əməkdaşlığa dəvət edib.
Öz növbəsində, Çinin aparıcı şirkətlərinin nümayəndələri Qazaxıstanı strateji layihələrin həyata keçirilməsi üçün etibarlı tərəfdaş kimi qiymətləndirib.