Qazaxıstanın XİN rəhbəri ABŞ-da Blinkenlə görüşüb

Qazaxıstanın XİN rəhbəri ABŞ-da Blinkenlə görüşüb

Bakı. TurkicWorld:

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı Qazaxıstan-ABŞ strateji tərəfdaşlığının siyasi, ticari, iqtisadi və humanitar sahələrdə tədricən inkişafı müzakirə edilib.

Bununla yanaşı nazirlər iki ölkə arasında enerji təhlükəsizliyi, kritik minerallar, iqlim, sülhməramlılıq və s. kimi məsələləri müzakirə edərək bu sahələrdə əməkdaşlığın təhlükəsizliyi və əhəmiyyətinə toxunublar.

Qeyd edək ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 33 faiz artaraq 4 milyard dollara çatıb.

Əlavə olaraq, Blinken prezident Qasım-Jomart Tokayevin təşəbbüsü ilə həyata keçirilən əsaslı islahatların ardıcıllığını alqışlayıb və Vaşinqtonun islahatların həyata keçirilməsində hərtərəfli dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb.

"ABŞ Qazaxıstanın bir çox qlobal məsələlərdə əsl liderliyini tanıyır", - deyə Blinken bildirib.

Tərəflər həmçinin “C5+1” dialoqunun genişləndirilməsi və 2023-cü ilin sentyabrında Nyu-Yorkda keçirilən ilk Sammitdə əldə edilmiş razılaşmaların daha da həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Nəticədə tərəflər ikitərəfli gündəliyin müvafiq məsələləri üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.