ANAMA minatəmizləmə

Azərbaycan minatəmizləmə prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməyə hazırdır

Şuşa. TurkicWorld:

Azərbaycan öz vəsaiti hesabına işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları aparır.

TurkicWorld-in məlumatına görə, bu barədə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev "Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək" layihəsinin təqdimatına həsr olunmuş tədbir​də deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməyə hazırdır.

"Ölkəmiz minatəmizləmə sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni digər ölkələrlə də paylaşmağa hazırıq. Ötən il Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) humanitar minatəmizləmə bəndinin əlavə olunmasını təklif etdik", - o deyib.

S.Hacıyev Azərbaycanın öz ərazilərini minalardan tam təmizləyəcəyini, həmçinin qoyulan bütün hədəflərə, xüsusən keçmiş məcburi köçkünlərin qayıdışına nail olacağını əlavə edib.

Mövzuya görə xəbərlər