TAP-ın icraçı direktoru əlavə qaz həcminin nəql olunacağı vaxtı açıqlayıb

TAP-ın icraçı direktoru əlavə qaz həcminin nəql olunacağı vaxtı açıqlayıb

Bakı. TurkicWorld:

Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli imkanları 2025-ci ilin sonlarında əlçatan olacaq.

Bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatti TurkicWorld-a müsahibəsində deyib.

"Boru kəmərinin imkanlarının artırılması üzrə bazar sınağının yekunlarına əsasən 2026-cı ildən 2028-ci ilin dekabr ayınadək əlavə olaraq 1,2 milyard kubmetr qaz nəqli üçün müraciət olunub. İkinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək nəql ediləcək. Biz 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli imkanlarla qaz nəqli üzrə müqavilələr imzalayırıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq", - o deyib.

Luka Skyepatti TAP imkanlarının mərhələli şəkildə ikiqat artırılacağını qeyd edib.

"Bazar sınağı 2021-ci ildə başlanıb. Birinci mərhələ yanvarın 22-də tamamlandı, ikinci mərhələni isə ilin ikinci yarısında, böyük ehtimalla sentyabr-oktyabr ərzində başlamağı planlaşdırırıq", - o əlavə edib

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.