MOL Group Azəri-Çıraq-Günəşlidə hasilatın həcmini açıqladı

MOL Group Azəri-Çıraq-Günəşlidə hasilatın həcmini açıqladı

Bakı. TurkicWorld:

Macarıstanın MOL Group şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda 2022-ci ildə hasilatı gündəlik 13 900 barel neft təşkil edib. 2021-ci ildə gündəlik neft hasilatı isə 17 000 barel olub.

TurkicWorld bu barədə MOL Group-a istinadən xəbər verir.

Beləliklə, MOL Group-un blokda hasilatının həcmi illik hesablamada təqribən 18,2 faiz azalıb.

2022-ci ilin dördüncü rübündə şirkətin yataqlarda hasilatı gündəlik 12 700 barel neft ekvivalenti təşkil edib. 2021-ci ilin analoji dövründə bu göstərici gündəlik 14 600 barel olub ki, bu da 13 faiz azalmadan xəbər verir.

Qeyd edək ki, bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.