Bakı. TurkicWorld :
İtaliya Azərbaycandan təbii qaz idxalını illik hesablamada 2,6 faiz artırıb.
Bu barədə TurkicWorld-ə Avropa İttifaqının statistika agentliyi olan "Eurostat"dan bildiriblər.
2024-cü ilin mart ayında İtaliya Azərbaycandan 485,1 milyon kubmetr qaz idxal edib, 2023-cü ilin mart ayında isə bu göstərici 473 milyon kubmetr olub.
İdxalın həcmi artsa da, dəyəri nəzərəçarpan dərəcədə azalıb. 2023-cü ilin mart ayında idxalın dəyəri 486 milyon avro olduğu halda, 2024-cü ilin mart ayında bu rəqəm 254,2 milyon avroya düşüb ki, bu da təqribən 47,7 faiz azalma deməkdir.
2023-cü ildə İtaliya Azərbaycandan ümumilikdə 4,97 milyard avro dəyərində 9,3 milyard kubmetr qaz idxal edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.
Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.
2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.