bp “Azəri-Mərkəzi-Şərqi” platformasında üç quyu qazacaq

bp “Azəri-Mərkəzi-Şərqi” platformasında üç quyu qazacaq

Bakı. TurkicWorld:

bp neft hasilatı üçün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda "Azəri-Mərkəzi-Şərqi" platformasında üç quyu qazacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qeri Cons bp-nin gələcək planlarına həsr edilmiş brifinqdə deyib.

"Birinci quyu bu ilin sonunadək qazılacaq. İlkin nəticələr 2024-cü ilin birinci rübündə açıqlanacaq və sonrakı qazma işləri ilə bağlı qərar qəbul edəcəyik", - o deyib.

Q.Consun sözlərinə görə, bu ilin ortalarınadək ACE platformasının yuxarı modulları dənizə göndəriləcək.

Qeyd edək ki, 6 milyard dəyərindəki layihəyə yeni dəniz platforması və gündəlik hasilat gücü 100 min barelədək olan digər qurğuları daxildir. ACE platforması 2020-ci illərin sonlarınadək "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda gündəlik 400 min bareldən yuxarı səviyyədə neft hasilatını dəstəkləyəcək.

Layihə çərçivəsində dərinliyin təqribən 140 metr təşkil etdiyi dəniz sahəsində "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformaları arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması inşa ediləcək. Layihə həmçinin özündə yeni sualtı boru kəmərlərini əhatə edir. Platformada hasil olunan neft və qazın Səngəçal terminalına nəqli üçün bu xətlər mövcud AÇG "Faza2 " sualtı ötürmə boru kəmərlərinə qoşulacaq. Dirək bloku dənizin 137 metr dərinliyində inşa ediləcək.