Bakı. TurkicWorld:
Azərbaycan və bp neft-qaz hasilatı potensialının inkişafını müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə görüşdə neft-qaz hasilatı potensialının inkişafı, elektrikləşmə və 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan günəş elektrikstansiyası da daxil olmaqla əməkdaşlığımızın prioritetlərini müzakirə etdik", - paylaşımda qeyd edilib.
bp 30 ildir Azərbaycanda fəaliyyət göstərir və ölkədəki ən böyük xarici investordur. Burada bp hazırda dünyanın ən böyük neft yataqlarından biri olan Azəri-Çıraq-Günəşli yatağının və eyni dərəcədə böyük qaz yatağı hesab edilən Şahdəniz yatağının operatorudur.
"Biz Azərbaycanda hökumət, SOCAR və digər tərəfdaşlarla mükəmməl tərəfdaşlıqlar qurmuşuq. Xəzər regionundakı 30 illik uğurlu iş təcrübəmizlə biz bu dünya səviyyəli layihələri təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirə bilən aparıcı operatoruq.
Biz beynəlxalq enerji standartlarına cavab verən layihələrə investisiya yatırmağa davam edəcəyik və Xəzər regionuna sənayedəki ən mürəkkəb və qabaqcıl texnologiya və ekspertizanı gətirəcəyik.
Biz bu hövzədə yeni layihələri – AÇG yatağının sonrakı mərhələdə işlənməsi (müddəti uzadılmış yeni saziş çərçivəsində), AYDS, Şəfəq-Asiman və digər potensial layihələri uğurla həyata keçirmək üçün bu unikal təcrübə və biliklərə söykənəcəyik", - bp-nin məlumatında qeyd edilib.







