Son dəqiqə

OPEK

OPEK Azərbaycanda mart ayında hasil olunan neftin həcmini açıqlayıb

Bakı. TurkicWorld:

2026-cı ilin mart ayında Azərbaycanda xam neft hasilatı gündə orta hesabla təxminən 457 min barel təşkil edib.

Bu barədə TurkicWorld OPEC-in hesabatına istinadən məlumat verir.

Təşkilatın məlumatına əsasən, cari ilin yanvar və fevral aylarında bu göstərici müvafiq olaraq 455 min barrel və 458 min barrel təşkil edib.

Bundan əlavə, OPEC qeyd edir ki, 2025-ci ildə ölkədə orta illik neft hasilatı günə 461 min barel təşkil edib. Bu göstərici 2024-cü ildə 481 min barel olub.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-mart ayları üzrə respublikada 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 3,9 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 0,9 milyon tonu "Şahdəniz"in, 0,1 milyon tonu "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Bildirilib ki, bu dövrdə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edək ki, bu ilin 1-ci rübündə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13 min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 74 min ton (555 min barrel) olub.

Mövzuya görə xəbərlər