Azərbaycan ilə enerji tərəfdaşlığının gücləndirilməsi İtaliya hökuməti üçün prioritetdir - XİN rəhbəri (MÜSAHİBƏ)

Azərbaycan ilə enerji tərəfdaşlığının gücləndirilməsi İtaliya hökuməti üçün prioritetdir - XİN rəhbəri (MÜSAHİBƏ)

Bakı. TurkicWorld:

İtaliyanın xarici işlər naziri Luici Di Mayonun TurkicWorld İnformasiya Agentliyinə eksklüziv müsahibəsi.

Davam edən pandemiya dövrünü və ümumi makroiqtisadi vəziyyəti nəzərə alaraq, son illər Azərbaycan-İtaliya münasibətləri necə dəyişib?

Azərbaycan-İtaliya münasibətləri strateji xarakter daşıyır. Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. 2020-ci ildə pandemiya ilə əlaqədar ikitərəfli ticarətin azalmasına baxmayaraq, iqtisadiyyatlarımız sürətlə bərpa olunur və biz əminik ki, bu tendensiya qarşıdakı aylarda və illərdə də davam edəcək. Ticarət əlaqələrimiz hələ də gələcək inkişaf potensialına malikdir. Bundan əlavə, pandemiyaya baxmayaraq, biz bütün sahələrdə tərəfdaşlığımızı gücləndiririk. Biz indiyə qədər əldə etdiklərimizlə fəxr edirik və tam əminliklə ümid edirik ki, gələcəkdə birlikdə daha böyük nəticələr əldə edəcəyik.

Davam edən enerji böhranı şəraitində Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə töhfəsini necə qiymətləndirirsiniz?

Həm İtaliyanın, həm də Azərbaycanın dərin maraq göstərdiyi bu layihə bütün iştirakçı tərəflərin böyüməsinə, sabitliyinə və rifahına böyük töhfə verəcəkdir. Enerji təhlükəsizliyi baxımından TAP-ın yaradılması indiki şəraitdə uzaqgörən qərar oldu, çünki bu, Avropada Rusiyadan tədarükdən asılı olmayan yeganə enerji layihəsidir.

Cənub Qaz Dəhlizinin İtaliya qaz bazarı üçün rolu nədir? Bu, ölkədə qazın qiymətinə necə təsir etdi?

TAP Avropada regional qaz qovşağı kimi rolumuzu gücləndirdi, eyni zamanda biznesimiz üçün daha böyük rəqabət qabiliyyətini və aşağı enerji qiymətləri şəklində istehlakçı üçün faydalarını təmin etdi.

İtaliya Cənub Qaz Dəhlizinin genişləndirilməsində maraqlıdırmı?

Azərbaycanla enerjili tərəfdaşlığımız bu illər ərzində daha da güclənib. Onun gələcək inkişafı İtaliya hökuməti üçün prioritet məsələdir. Bu, şübhəsiz ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə baş verə bilər.

İqtisadiyyatda, xüsusən də enerji sektorunda İtaliya ilə Azərbaycanın sıx əlaqəsini nəzərə alsaq, sizcə, Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu münasibətlərə təsir edəcəkmi?

Azərbaycan bizim əsas enerji tərəfdaşlarımızdan biridir. Bu, bizim ilk neft tədarükçümüz, indi isə üçüncü təbii qaz tədarükçümüzdür. Beləliklə, energetika ikitərəfli əməkdaşlığımızın ən mühüm aspektidir və bu illər ərzində əməkdaşlığımız strateji xarakterini gücləndirmişdir.

Aİ-nin Rusiya ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlı Azərbaycan-İtaliya münasibətlərində hansı inkişaf perspektivləri yarana bilər?

Azərbaycan artıq İtaliyanın strateji tərəfdaşıdır. Mövcud dinamikadan asılı olmayaraq, biz Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsini dəstəkləməkdə davam edirik. Biz çoxillik şaxələndirmə siyasətimizə uyğun olaraq və bu sahədə əldə etdiyimiz gözəl nəticələrə əsaslanaraq, xüsusilə enerji sektorunda, əməkdaşlığımızı daha da inkişaf etdirməyə çalışırıq.

Ukraynada münaqişə davam etdikcə, iqtisadi ekspertlər dünya üzrə iqtisadi sektorların siyahısının təsir altına düşə biləcəyini proqnozlaşdırırlar. İtaliya xüsusilə ərzaq və enerji təhlükəsizliyi ilə bağlı yarana biləcək böhranın təsirini necə azaltmağı planlaşdırır?

Mövcud böhran şəraitində şirkətlərə və vətəndaşlara dəstək İtaliya hökumətinin əsas vəzifələrindən biridir. Bizim əsas prioritetimiz vətəndaşların iş yerlərini itirmələrinin qarşısını almaqdır. İtaliya hökuməti artıq vətəndaşların və müəssisələrin qorunmasına yönəlmiş tədbirlər həyata keçirir.

Aqrar-sənaye kompleksi, eləcə də maddi-texniki təminat üçün zəruri olan benzinin və dizel yanacağının maya dəyərinin aşağı salınması ilə bağlı kompleks tədbirlər təsdiq edilib. Biz həmçinin elektrik enerjisinin qiymətinə təsir edən qazın qiymətinin aşağı salınması üzərində işləyirik.

Biz milli və Avropa təhlükəsizliyi üçün enerji diplomatiyasına, Rusiyadan asılılığımızı azaltmaq üçün strateji tərəfdaşlarla əməkdaşlığı gücləndirməyə möhkəm sadiqik. İtaliya müəssisə və ailələri üçün ağır yük olan enerji xərclərinin daha da gərginləşməsinin qarşısını almaq üçün tədarük mənbələrimizi şaxələndirmək üçün sürətlə hərəkət etdik. Bir sözlə, biz İtaliyanın enerji təhlükəsizliyi planını həyata keçiririk.

Azərbaycan 30 ilə yaxın işğaldan sonra təbii sərvətlərlə zəngin və gözəl biznes imkanları olan ərazilərini azad edib. İtaliya şirkətləri bu regionların iqtisadiyyatının inkişafında necə iştirak edə bilərlər?

İtaliya bu gözəl ölkənin təklif etdiyi imkanlara böyük maraqla baxır. Azərbaycan bizim üçün mühüm iqtisadi tərəfdaşdır. İtaliya Azərbaycanın ixracı üçün əsas təchizat bazarlarından biridir. Eyni zamanda, bir çox İtaliya şirkətləri Azərbaycana, əsasən, enerji, infrastruktur və nəqliyyat sahələrinə sərmayə qoyub. İnanıram ki, ikitərəfli tərəfdaşlığımızı, xüsusən də italyan şirkətlərinin beynəlxalq səviyyədə tanınmış təcrübəyə malik olduğu davamlı və təmiz enerji sektorunda daha da dərinləşdirmək üçün yer var. Bundan əlavə, infrastruktur və tikinti, rabitə və aqrar sənaye şirkətlərimiz üçün əlavə maraq kəsb edən sahələrdir ki, bu da Azərbaycanın iqtisadi yüksəlişinə mühüm töhfə verə bilər. Bu sahədə məlum təcrübəmizi nəzərə alaraq, İtaliyanın Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və bərpasına verdiyi töhfəni unutmaq olmaz.