"Şahdəniz" yatağı ilə bağlı əməliyyat xərcləri artıb

"Şahdəniz" yatağı ilə bağlı əməliyyat xərcləri artıb

2021-ci il ərzində "Şahdəniz" yatağı üzrə fəaliyyətlərə 2 milyard dollardan artıq əməliyyat xərcləri və təxminən 680 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.

TurkicWorld bu barədə bp-nin hesabatına istinadən məlumat verir.

2020-ci ildə bu göstəricilər müvafiq olaraq 1 milyard və 942 milyon dollar təşkil edib. Beləliklə, "Şahdəniz"lə bağlı əməliyyat xərcləri 100 faiz artıb, kapital xərclər isə 27,8 faiz azalıb.

"2021-ci ildə "Şahdəniz yatağı" üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunub. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir", - hesabatda deyilir.

Qeyd edək ki, "Şahdəniz" layihəsində iştirak payları belədir: bp (operator – 28,83%), TPAO (19,0%), PETRONAS (15,5%), AzŞD (10,0%), LUKOYL (10,0%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi Apstrim (6,67%).