İran və Türkmənistan qazının svop tədarükü Azərbaycana nə verəcək?

İran və Türkmənistan qazının svop tədarükü Azərbaycana nə verəcək?

2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan qazın svop tədarükü barədə müqavilə imzalayıb. Müqavilənin icrası 1 yanvar 2022-ci ildə başlayıb.

SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov TurkicWorld-a bildirib ki, Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq ilin əvvəlindən Azərbaycana təhvil verilir.

"Qaz Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur. Gətirilən qazın qalan həcmi isə Astara yaxınlığında təhvil alınacaq. İrandan gəlmiş nümayəndə heyəti ilə birlikdə bunun üçün texniki hazırlıq işləri aparılır. Sözügedən saziş əsasında Azərbaycana ümumilikdə (hər iki istiqamət üzrə) gündəlik 4 milyon kubmetrdən çox təbii qazın nəql olunması nəzərdə tutulur",- deyə o bildirib.

Qazın svop tədarükü üzrə saziş bütün tərəflər üçün iqtisadi baxımdan səmərəlidir.

Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren Trend-ə deyib ki, hər üç ölkə bu sazişdən böyük fayda əldə edəcək.

"Türkmənistan böyük qaz ehtiyatlarına malikdir. Bu ölkə Rusiya, İran və Qətərdən sonra təsdiq olunmuş qaz ehtiyatlarına görə, dünyada dördüncü yerdədir. Onlar gələcəkdə qaz ixracını artırmaq niyyətindədirlər, İranla və Azərbaycanla svop tədarük barədə saziş bu istiqamətdə atılan vacib addımdır. Məqsəd qaz ixracı hesabına ixrac gəlirlərini artırmaqdır", - deyə o bildirib.

Ekspert qeyd edib ki, İran da nəhəng qaz potensialına malikdir, amma qışda tez-tez şimal əyalətlərində qaz çatışmazlığı ilə üzləşir.

"Qaz sazişi iqtisadiyyata mənfi təsir göstərən çatışmazlığı azaltmaq üsuludur", - F.Perren deyib.

Norveçin "Rystad Energy" müstəqil konsaltinq şirkətinin analitiki Zuo Luntszyan hesab edir ki, üçtərəfli saziş bu ölkələrin enerji sektorunda əməkdaşlığı üçün daha çox imkanlar yarada bilər.

"Azərbaycanın energetika naziri Pərviz Şahbazov bir müddət əvvəl deyib ki, Azərbaycan Türkmənistan qazının Avropaya ixracı üçün Trans-Xəzər qaz kəməri layihəsini dəstəkləyə bilər. Beləliklə, imzalanmış svop sazişi Türkmənistan üçün əlavə qaz ixracına imkanlar yaradacaq", - deyə o bildirib.

Şübhəsiz ki, saziş qonşu ölkələr arasında iqtisadi və siyasi münasibətlərin yaxşılaşmasına müsbət təsir göstərəcək. Energetika sahəsində mübadilənin təmin olunması və əməkdaşlığın genişləndirilməsi ölkələr arasında iqtisadi münasibətlərin sabitliyinə, eləcə də regional sabitliyə xidmət edəcək. Müqavilə ölkələr arasında enerji sektorunda inteqrasiyanı təmin edə bilər.