Son dəqiqə

Energetika Nazirliyi Azərenerji Günəş Elektrik Stansiyası Masdar şirkəti

"Masdar Azerbaijan" Azərbaycanda üç bərpa olunan enerji layihəsinin başa çatma tarixlərini açıqlayıb

Bakı.TurkicWorld:

Neftçala və Biləsuvarda günəş elektrik stansiyalarının 2026-cı ildə istifadəyə veriləcəyi, Abşeron-Qaradağ külək elektrik stansiyasının tikintisinin yekunlaşması isə üç il çəkəcəyi vaxt gözlənilir.

Bu barədə TurkicWorld-ə özəl müsahibəsində "Masdar Azerbaijan" şirkətinin direktoru Murad Sadıqov deyib.

M.Sadıqov bu üç layihənin "Masdar" (BƏƏ) şirkətinin meqalayihəsinin bir hissəsi olduğunu vurğulayıb.

"Biz 4 iyun 2022-ci ildə Şuşa şəhərində Energetika Nazirliyi ilə iki icra müqaviləsi imzaladıq. Həmin layihələr çərçivəsində 1-ci fazada quruda 1 gigavat günəş, 1 gigavat külək, 2-ci fazada da eynilə 1 gigavat günəş, 1 gigavat külək istehsalı stansiyalarının tikilib istifadəyə verilməsi planlaşdırılırdı.

İyunun 4-də 1-ci fazanın 1 gigavatlıq layihələrinin təməlqoyma mərasimi keçirildi. Bu layihələrə 240 meqavatlıq Abşeron-Qaradağ külək elektrik stansiyası (Bakı-Şamaxı yolun üzərində, Abşeron və Qaradağ ərazisində yerləşir), Nefçalanın Bankə qəsəbəsinda 315 meqavatlıq günəş elektrik stansiyası və Biləsuvarda 445 meqavatlıq günəş elektrik stansiyası daxildir.

Günəş elektrik stansiyalarının ümumi tikintisi təqribən iki il müddətinə yekunlaşacaq. 2026-cı ilin ikinci rübündə bu obyektlərin tam olaraq istifadəyə verilməsi gözlənilir. Külək elektrik stansiyasının isə tikintisinin yekunlaşması və təhvil verilməsi üçün 3 ilə yaxın vaxt tələb olunacaq. Bunlar ilkin hesablamalardır. Hal-hazırda bu layihələrin üzərində işlər gedir və daha dəqiq qrafik barədə məlumat veriləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoydular.

Təməlqoyma mərasimi 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində baş tutub.

Bu layihələr üzrə sazişlər "Masdar" şirkəti ilə bağlanıb. Xüsusilə, Azərbaycanın Energetika Nazirliyi ilə "Azərenerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında Biləsuvar günəş elektrik stansiyası, Neftçala İES və Abşeron-Qaradağ külək elektrik stansiyası ilə bağlı "İnvestisiya Sazişinə Əlavə" imzalanıb.

Qaradağ külək elektrik stansiyası layihəsinin özü, enerjinin alqı-satqısı müqaviləsi, "Elektrik ötürücü şəbəkəyə qoşulma haqqında" müqavilə və "Torpaq icarəsi müqaviləsi" də təsdiq edilib.

Mövzuya görə xəbərlər