Son dəqiqə

Dövlət Statistika Komitəsi

BTC ilə nəql olunan neftin həcmi artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-noyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan neftin həcmi 27,6 milyon ton olub.

TurkicWorld Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin analoji dövründə nəql olunan neftin həcmi 27,1 milyon ton olub.

Beləliklə, BTC ilə nəql olunan neftin həcmi illik hesablamada 1,9 faiz artıb.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına 2023-cü ilin hesabat dövründə Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan 36,4 milyon ton neftin 75,9 faizi düşüb.

BTC ilə 22,9 milyon ton Azərbaycan nefti nəql olunub ki, bu da boru kəməri ilə tədarük olunan ümumi həcmin 82,7 faizini təşkil edir. Təqribən 17,3 faiz (4,8 milyon ton) neft isə Türkmənistan və Qazaxıstanın payına düşüb. Qeyd edək ki, 2022-ci ilin ilk on bir ayı ərzində BTC ilə nəql olunan tranzit neftin həcmi 4,7 milyon ton təşkil edib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%).

Mövzuya görə xəbərlər