Bakı. TurkicWorld:
Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1688 meqavatdır ki, bu da ümumi gücün təqribən 20 faizini təşkil edir.
TurkicWorld -in məlumatına görə, bunu SPECA İqtisadi Forumunda çıxışı zamanı energetika nazirinin müavini Samir Vəliyev bildirib.
O qeyd edib ki, bu göstəricinin 2030-cu ilə qədər 30 faizə qədər artırılması planlaşdırılır.
"2027-ci ilin sonuna qədər 1870 meqavatt həcmində yaşıl güclərin ölkənin enerji sisteminə inteqrasiyası və nəticdə bərpa olunan enerjinin payının enektrik enerjisi gücündə götürdüyümüz hədəfdən daha çox, 33 faizə çatması gözlənilir. Bu məqsədə nail olmaq üçün ölkənin energetika sektorunda islahatlar aparılır", - deyə nazir bildirib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biridir.
"Yaponiya şirkəti ilə birgə işğaldan azad edilmiş ərazilərlə bağlı yaşıl enerji konsepsiyası hazıranıb. İlkin araşdırmalara görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi üçün texniki potensial 7200 meqavatdan artıqdır. Laçın və Kəlbəcərdə külək enerjisinin texniki potensialının 2000 meqavatt olması qiymətləndirilir", - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Xatırladaq ki, Bakıda "SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi" mövzusunda "SPECA 2023 İqtisadi Forumu" (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) öz işinə başlayıb.
Forum dialoqa dəstək, mövqelərin möhkəmlənməsi, ümumi çağırışlara qarşı həll axtarışları və onların reallaşdırılması üçün strategiya və planların hazırlanması məqsədilə Azərbaycanın və "SPECA"nın digər üzv ölkələrinin proqramın xidmətyönümlü, siyasət və əməkdaşlıq sahələrində məsələlərin koordinasiyası üçün çevik və strateji platforma qismində inkişafına yönəlmiş aktiv mövqeyinə əsaslanır.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə təsis olunub.