Bakı. TurkicWorld:
Trans-Adriatik boru kəməri (TAP) qaz tədarüklərini artırmaq üçün kompressor stansiyasında yeni birləşmələrin hazırlanması ilə əlaqəli tikinti işlərinə başlayıb.
Bu barədə TurkicWorld-ə "TAP AG" konsorsiumundan bildiriblər.
"Bu cari işlərin 2023-cü ilin dördüncü rübündə yekunlaşdırılması planlaşdırılır. Bundan sonra əsas tikinti işləri, ardınca isə təməlqoyma işləri başlayacaq
Qeyd edək ki, TAP konsorsiumu qaz nəqlinin artırılması üzrə ilkin işlərə başlayıb. 2021-ci ildə bazar sınağının məcburi mərhələsi başa çatdıqdan sonra TAP genişləndirmənin birinci mərhələsini başladıb və uzunmüddətli sazişlər çərçivəsində ildə əlavə 1,2 milyard kubmetr ayırıb. Bu əlavə imkanlar 2026-cı ildən başlayaraq əlçatan olacaq. TAP Yunanıstanın Kipoy şəhərindəki mövcud kompressor stansiyasına bir əlavə kompressor aqreqatı (təqribən 15 meqavatt) əlavə edəcək və oradakı avadanlığı modernizasiya edəcək.
Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)
X: @Lyaman_Zeyn