Son dəqiqə

Azərbaycan Mərkəzi Bankı

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, aşağı həddi 5% və yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən ümumi və baza inflyasiya göstəricilərinin, inflyasiya gözləntilərinin və risklər balansının dinamikası nəzərə alınıb. Eyni zamanda valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər qiymətləndirilib.

İllik inflyasiya hədəf diapazonu (4±2%) daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib ki, bu da avqustdakı analoji göstəriciyə nəzərən 0.2 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.9%, ödənişli xidmətlər üzrə 5.1%, qeyri-qida məhsulları üzrə isə 3.6% olub. İllik baza inflyasiya 4.9% təşkil edib.
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25.7%-ə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 9 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 mlrd. ABŞ dollarına yüksəlib.

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarətində 10.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-sentyabr aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830.5 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 70% artıb. Əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib. Yenilənmiş proqnozlara görə cari əməliyyatlar hesabında 2026-cı ildə 8.5 mlrd. ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı ), 2027-ci ildə isə 5.4 mlrd. ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) məbləğində profisit gözlənilir.

Monetar sektor göstəriciləri izafi likvidlik şəraitində formalaşır. Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin sentyabr ayının sonuna 6.2 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.2 dəfə artıb. Bu şəraitdə təminatsız pul bazarı üzrə istinad faizləri bir qədər azalmağa meyil edir. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin avqust ayında 6.31%, sentyabr ayında 5.93%, oktyabrın ötən dövründə isə 5.99% olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların payı sentyabr ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 66.4% təşkil edib.

Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır. Belə ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5.9% olacağı gözlənilir. İyul proqnozu ilə müqayisədə inflyasiya proqnozu 2026-cı ilə 0.2 faiz bəndi aşağı, 2027-ci ilə isə 0.1 faiz bəndi yuxarı dəyişdirilib. Qeyd edək ki, baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur.

İnflyasiya üzrə risklər əsasən beynəlxalq mühitlə bağlıdır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi, digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozları əsasən bu risklərin reallaşma miqyasından asılı olaraq yenilənəcəkdir. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir.
Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər nəzərə alınmaqla qəbul ediləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənliklər və onların daxili iqtisadiyyata ötürülmə intensivliyi diqqətə alınaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenaridə nəzərdən keçiriləcək.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il dekabr ayının 23-də ictimaiyyətə açıqlanacaqdır.

Mövzuya görə xəbərlər