Son dəqiqə

Azərbaycan Pakistan Bakı Qlobal İqtisadiyyat Azərbaycan Beynəlxalq İnvestisiya Forumu

Pakistan Azərbaycana yeni nəqliyyat və logistika imkanları təklif edir

BAKI,TurkicWorld

Pakistan Azərbaycanla dəniz və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsini yeni iqtisadi imkanların açarı kimi qiymətləndirir.

Bunu Pakistanın Federal Rabitə naziri Aleem Khan Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda panel müzakirəsində bildirib.

Nazir qeyd edib ki, qlobal iqtisadiyyatda dəyişikliklər və geosiyasi çağırışlar ölkələri nəqliyyat-logistika əlaqələrini gücləndirməyə və təchizat zəncirlərinin dayanıqlılığını artırmağa vadar edir.

Onun sözlərinə görə, dəniz daşımalarında yaranan çağırışlar fonunda limanların və nəqliyyat dəhlizlərinin fasiləsiz və səmərəli fəaliyyəti beynəlxalq ticarətin davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır.

Kəraçi limanı regional ticarətdə əsas həlqələrdən biridir

Aleem Khan Pakistanın əsas dəniz qapılarından biri olan Kəraçi limanının ölkənin beynəlxalq ticarətində mühüm rol oynadığını bildirib.

Nazirin sözlərinə görə, limanın 24 saat fəaliyyət göstərməsi və qlobal təchizat zəncirinin mühüm həlqələrindən biri kimi çıxış etməsi Pakistanın beynəlxalq ticarətin davamlılığına verdiyi töhfəni artırır.

Khan həmçinin geosiyasi çağırışlar fonunda ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Proaktiv diplomatiyanın həyata keçirilməsi və ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”, – deyə nazir bildirib.

Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar

Pakistanlı nazir Azərbaycanla əlaqələrə də toxunaraq, dəniz daşımaları və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsinin iki ölkə arasında ticarət və iqtisadi əlaqələr üçün yeni imkanlar yarada biləcəyini deyib.

Onun sözlərinə görə, logistika imkanlarının daha səmərəli əlaqələndirilməsi qarşılıqlı ticarətin artırılmasına və yeni iqtisadi tərəfdaşlıqların formalaşmasına xidmət edə bilər.

Aleem Khan Pakistanın iqtisadi imkanlardan yalnız inkişaf məqsədilə deyil, regionda sülh, sabitlik və rifahın gücləndirilməsi naminə istifadə edilməsində maraqlı olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər