Son dəqiqə

Bakı İqtisadiyyat Qlobal İqtisadiyyat Azərbaycan Beynəlxalq İnvestisiya Forumu

Bakıda qlobal iqtisadiyyatın gələcəyi müzakirə olunub

BAKI,TurkicWorld

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində dünya iqtisadiyyatının gələcəyinə dair mühüm müzakirə aparılıb.

Forumda “Etibarlılığın bərpası parçalanmış dünyada: Azərbaycan regionlar arasında strateji qapı kimi” mövzusunda panel sessiyası işə başlayıb. Sessiya çərçivəsində iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini ilə “Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas David arasında “Qlobal iqtisadi proqnoz” mövzusunda fireside söhbəti keçirilib.

Müzakirəyə “Euronews”un idarəedici redaktoru Ceyn Uizerspun moderatorluq edib.

Roubini: Qlobal iqtisadiyyat üç əsas çağırışla üz-üzədir

Nouriel Roubini çıxışında qlobal iqtisadiyyatın gələcək trayektoriyasına təsir edən əsas amillər kimi tarif siyasətini, geosiyasi gərginlikləri və süni intellektin yaratdığı texnoloji transformasiyanı önə çəkib.

Onun sözlərinə görə, ötən ilin aprelində ABŞ-də orta tarif dərəcələrinin 20 faizdən 30 faizə yüksəlməsi dünya iqtisadiyyatı üçün ciddi risklər yaradıb.

“Tariflərin yüksək səviyyədə qalması resessiya və inflyasiya risklərini artıra bilərdi. Lakin sonrakı proseslər nəticəsində tariflər aşağı salınıb və bazarlarda sabitləşmə müşahidə olunub”, – deyə Roubini bildirib.

İqtisadçı qlobal bazarlarda geosiyasi faktorların rolunun da əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. O qeyd edib ki, enerji bazarında, xüsusilə neft qiymətlərində baş verən dəyişikliklər istiqraz bazarına və daha geniş maliyyə göstəricilərinə təsir göstərə bilər.

Roubini qlobal iqtisadi gündəmin digər mühüm istiqamətinin isə süni intellekt və texnoloji transformasiya olduğunu bildirib.

Onun sözlərinə görə, bu proses artıq yalnız ABŞ və Çin arasındakı texnoloji rəqabət çərçivəsində qiymətləndirilə bilməz. Süni intellektin inkişafı qlobal təchizat zəncirlərini, məhsuldarlığı və dünya iqtisadiyyatının müxtəlif sektorlarını dəyişdirən əsas amillərdən birinə çevrilir.

“Biznes üçün əsas məsələ dəyişiklikləri düzgün qiymətləndirməkdir”

“Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas David isə çıxışında qlobal proseslərin ayrı-ayrı ölkələrlə yanaşı, bütöv regionların iqtisadi dinamikasına təsir etdiyini diqqətə çatdırıb.

O bildirib ki, hazırkı qeyri-müəyyənlik şəraitində biznes üçün əsas məsələlərdən biri qlobal dəyişikliklərin mümkün iqtisadi nəticələrini və onların müxtəlif bazarlara təsirini düzgün qiymətləndirməkdir.

Pedro Varqas David xüsusilə Körfəz ölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa İttifaqında baş verən və baş verə biləcək iqtisadi dəyişikliklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq səviyyədə qəbul edilən qərarların ayrı-ayrı ölkələr və regionlar üçün yarada biləcəyi iqtisadi nəticələr diqqətlə təhlil edilməlidir.

Panel müzakirəsində dəyişən qlobal iqtisadi mənzərə, dünya iqtisadiyyatında artım perspektivləri, investisiya axınlarının istiqamətləri, geosiyasi risklər və texnoloji transformasiyanın bazarlara təsiri əsas müzakirə mövzuları olub.

Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın qlobal və regional iqtisadi proseslərdəki rolunun, eləcə də ölkənin müxtəlif regionlar arasında investisiya və biznes əlaqələri üçün yaratdığı imkanların müzakirəsi baxımından da diqqət çəkib.

Mövzuya görə xəbərlər