Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ölkəsinin beynəlxalq investorlar üçün təqdim etdiyi əlverişli şərait, qlobal iqtisadi göstəricilər və Azərbaycan Respublikası ilə qurulan çoxşaxəli strateji tərəfdaşlıq barədə geniş bəyanatla çıxış edib.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, diplomat çıxışının əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin qlobal investisiya xəritəsində tutduğu mövqeyə toxunaraq xarici iş adamları üçün yaradılan təşviqedici mühiti diqqətə çatdırıb: "Birləşmiş Ərəb Əmirlikləri bir sıra təşviqedici imkanlara əsaslanan rəqabətqabiliyyətli investisiya mühiti təqdim edir. Bu imkanlara müxtəlif iqtisadi sektorlar və fəaliyyət sahələrində xarici investorların 100%-ə dək mülkiyyət hüququna malik olması, əldə olunan mənfəətin 100% həcmində xaricə köçürülməsi imkanı, eləcə də güclü bank sistemi, yüksək likvidlik, inkişaf etmiş infrastruktur və Asiya, Avropa, Afrika və Yaxın Şərq bazarlarını birləşdirən əlverişli strateji coğrafi mövqe daxildir. Bütün bu amillər Birləşmiş Ərəb Əmirliklərini sadəcə istehlak bazarından daha üstün mövqeyə gətirir. Əmirliklər biznesə başlamaq və beynəlxalq bazarlarda fəaliyyətini genişləndirmək üçün regional və qlobal platforma rolunu oynayır."
Səfir BƏƏ-nin xarici ticarət dövriyyəsindəki tarixi rekordlara və 2031-ci il hədəflərinə toxunaraq, Azərbaycanın bu siyasətdə strateji rol oynadığını vurğulayıb.
O qeyd edib ki, investisiya Nazirliyi tərəfindən 2025-ci ildə tətbiq edilən 2031-ci il Milli İnvestisiya Strategiyası sayəsində ötən il qeyri-neft xarici ticarətinin ümumi həcmi təxminən 1,03 trilyon ABŞ dollarına çatıb.
Səfirin sözlərinə görə, belə ki, strategiya iki əsas istiqamət üzərində cəmlənmişdir: birbaşa xarici investisiyaların artımını təşviq edən amillər və ölkə daxilində investisiyaların həyata keçirilməsinə imkan yaradan əsas amillər.
“Bu, bir sıra strategiyaların, o cümlədən yeni qabaqcıl layihələrə yüksək keyfiyyətli və iri həcmli birbaşa xarici investisiyaların cəlb edilməsi, habelə sazişlərin fəallaşdırılması və qarşılıqlı investisiya axınının gücləndirilməsi vasitəsilə tərəfdaş ölkələrlə iqtisadi əlaqələrin dərinləşdirilməsi yolu ilə həyata keçirilir. Bu baxımdan, Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri üçün mühüm strateji tərəfdaşdır. Məhz buna görə də iki dost ölkə arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması və 15 aprel 2026-cı il tarixində qüvvəyə minməsi bu əlaqələrin inkişafında mühüm addımdır. Çünki bu saziş ticarət və investisiyaların təşviqi, eləcə də hər iki ölkənin özəl sektoruna yeni tərəfdaşlıqlar və layihələr qurmaq üçün imkanların yaradılması baxımından xüsusi çərçivə rolunu oynayır."-deyə səfir əlavəe dib.
İkitərəfli ticarət həcmini və investisiya yatırımlarını konkret rəqəmlərlə açıqlayan səfir, aparıcı şirkətlərin birgə fəaliyyətini yüksək qiymətləndirib.
"2025-ci ildə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin həcmi təxminən 182 milyon ABŞ dolları təşkil edib, BƏƏ-nin Azərbaycandakı investisiyalarının həcmi isə 404,799 milyon ABŞ dollarına çatıb. Bu göstəricilər tərəfdaşlığın sadəcə gələcək baxışı deyil, real həqiqət olduğunu sübut edən BƏƏ və Azərbaycan şirkətlərinin uğurlu nümunələri sayəsində əldə olunub. BƏƏ tərəfindən 'Masdar' şirkəti Azərbaycanda bərpa olunan enerji sahəsində əsas tərəfdaşdır və Azərbaycan tərəfi ilə əlavə təmiz enerji layihələrinin işlənib hazırlanması üçün çoxsaylı sazişlərə malikdir.
İnvestisiya sektoruna gəldikdə isə, 'Abu Dhabi Holding' qrupu 'Azərbaycan İnvestisiya Holdinqi' ilə birlikdə BƏƏ, Azərbaycan və Mərkəzi Asiya ölkələrindəki investisiyalarla kənd təsərrüfatı, texnologiya, əczaçılıq, infrastruktur və energetika kimi sahələri hədəfləyən birgə investisiya platforması təsis edib. Tərəfdaşlıq nəqliyyat və logistika sahələrində də genişlənir; belə ki, 2026-cı ilin aprel ayında 'Abu Dhabi Ports' qrupu Azərbaycan tərəfi ilə limanlar, logistika və dənizçilik xidmətləri sahəsində əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalayıb."-deyə səfir Məhəmməd əl-Bəluşi əalvə edib.
Məhəmməd Əl Bluşi BƏƏ-nin qlobal maliyyə və iqtisadiyyat sahəsindəki nüfuzunu qeyd edərək, Azərbaycan bazarının regional tranzit əhəmiyyətinə diqqət çəkib.
"Əldə olunan bütün bu nailiyyətlərə baxmayaraq, Birləşmiş Ərəb Əmirlikləri daha böyük hədəflərə can atır. 2025-ci ilin qlobal iqtisadi statistikasına əsasən, BƏƏ bu gün dünyada ən cəlbedici investisiya mərkəzlərindən biri kimi qabaqcıl mövqelər tutur: ölkə investisiya cəlbi baxımından dünyada 5-ci yerdə qərarlaşıb, güclü kredit reytinqi olaraq 'AA' dərəcəsi alıb və güclü, sabit iqtisadiyyatına görə 5-ci yeri tutub. BƏƏ Azərbaycan Respublikası ilə mövcud olan üstün əlaqələrindən bəhrələnərək qlobal investisiya məkanı kimi mövqeyini möhkəmləndirməyə və iqtisadiyyatını şaxələndirməyə davam edəcək. Çünki Azərbaycan vəd edən bir bazar, həmçinin Qafqaz və Mərkəzi Asiya ölkələrinə açılan strateji bir qapıdır."
Səfir ikitərəfli əlaqələrin yalnız iqtisadiyyatla məhdudlaşmadığını, tarixi irs və mədəniyyət istiqamətində də yeni mərhələnin başladığını bildirib.
"Bu gün biz ikitərəfli əlaqələrimizi yeni bir mərhələyə daşımaq üçün real imkan qarşısındayıq. Bu mərhələ irsimizə və muzeylərimizə diqqət çəkməklə dost ölkələrimiz arasında mədəni turizmin təşviqi yönündə birgə əməkdaşlığa qapı açır. Çünki biz onların milli kimliyin qorunub saxlanılmasında, gələcək nəsillərə zəngin keçmişlərini və vədedici gələcəklərini tanıtmaqda oynadığı mühüm rola qətiyyətlə inanırıq."
Səfir Məhəmməd Əl Bluşi BƏƏ-nin iqtisadi inkişaf modelinə və gələcək perspektivlərə də toxunaraq fikirlərini bu sözlərlə tamamlayıb: "BƏƏ-Azərbaycan münasibətləri möhkəm siyasi və iqtisadi təməllərlə xarakterizə olunur və birgə əməkdaşlığı inkişaf etdirmək üçün ümidverici imkanlar mövcuddur. Qlobal iqtisadi çətinliklərə baxmayaraq, BƏƏ yalnız neft sektorundan asılı olmayan, ticarət, sənaye, turizm, logistika, bərpa olunan enerji, texnologiya, süni intellekt və rəqəmsal iqtisadiyyatın inteqrasiya olunmuş sisteminə əsaslanan şaxələndirilmiş və çevik iqtisadi model qura bilib."







