Son dəqiqə

Azərbaycan Mikayıl Cabbarov Qazaxıstan

Azərbaycan - Qazaxıstan investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

BAKI,TurkicWorld

Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunub.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

"Qazaxıstanın "Samruk-Kazyna" Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşdə Azərbaycan - Qazaxıstan iqtisadi əməkdaşlığının perspektivlərini və prioritet inkişaf istiqamətlərini vurğuladıq. Birgə investisiya fəaliyyətinin genişləndirilməsi, institusional investorlarla işbirliyi imkanları, ticarət, sənaye, süni intellekt və digər sahələrdə tərəfdaşlıq, yaşıl enerji layihələrinin həyata keçirilməsi barədə müzakirələr apardıq",- deyə nazir yazıb.

Bu yaxınlarda Trend-ə özəl müsahibəsində Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aset Nusupov bildirib ki, ümumilikdə Qazaxıstan və Azərbaycan sənaye, energetika, aqrar-sənaye kompleksi, rəqəmsal iqtisadiyyat və logistika sahələrində əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli potensiala malikdir.

"Qazaxıstan-Azərbaycan əməkdaşlığının perspektivləri adətən düşünüldüyündən daha genişdir. Biz bir neçə əsas istiqamət görürük və onların hər biri müxtəlif sahələrin inkişafına mühüm töhfə verə bilər", – deyə A.Nusupov bildirib.

Onun sözlərinə görə, əsas istiqamətlərdən biri nəqliyyat-logistika sahəsidir. Orta Dəhliz inkişafını davam etdirir: cari ilin birinci rübündə yükdaşımaların həcmi illik müqayisədə 34,4 faiz artıb. Liman, dəmir yolu və rəqəmsal infrastrukturun birgə inkişafı isə qarşıdakı illər üçün hər iki ölkənin ümumi prioritetidir.

Bundan əlavə, nazir müavini aqrar-sənaye kompleksini də perspektivli istiqamət adlandırıb. Onun sözlərinə görə, Qazaxıstan taxıl, yağlı bitkilər və ət istehsalı üzrə aparıcı ölkələrdən biridir, Azərbaycan isə böyüyən bazardır. Buna görə də ərzaq məhsulları üzrə qarşılıqlı ticarətin potensialından hələ tam istifadə olunmur.

O, sənaye kooperasiyasının perspektivlərinə də ayrıca toxunub. Onun sözlərinə görə, Qazaxıstan metallar, kimya məhsulları və emal olunmuş xammal istehsal edir, Azərbaycan isə qeyri-neft sənayesini fəal inkişaf etdirir. Bu isə birgə istehsal zəncirlərinin formalaşdırılması üçün real imkanlar yaradır.

"Qazaxıstan və Azərbaycan eyni istiqamətə – müasir, texnoloji və açıq iqtisadiyyatın qurulmasına - baxan iki dövlətdir. Ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaq yolumuz əslində münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltmək yoludur", – deyə A.Nusupov bildirib.

Mövzuya görə xəbərlər