BAKI, TurkicWorld
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bildirir ki, Azərbaycanın real ÜDM artımı 2025-ci ildə əvvəl proqnozlaşdırılan 3,5% ilə müqayisədə 1,8% təşkil edəcək.
TurkicWorld xəbər verir ki, "Fitch"in qiymətləndirmələrinə görə, 2026–2027-ci illərdə iqtisadi artım tempinin illik 2,4% səviyyəsində olacağı gözlənilir.
Agentliyin hesabatında qeyd olunur ki, 2025-ci ilin 11 ayı ərzində Azərbaycanın real ÜDM-i illik ifadədə 1,6% artıb, neft sektorunda hasilat həcmləri 1,8% azalıb, qeyri-neft sektorunda isə 3,2% iqtisadi artım müşahidə olunub.
2025-ci ilin 9 ayı ərzində neft hasilatı 20,7 milyon ton təşkil edib ki, bu da orta hesabla günə təxminən 570 min barelə bərabərdir. "Fitch" 2027-ci ilə qədər neft hasilatı həcminin günə 565 min barelə enəcəyini gözləyir. 2025-ci ilin 9 ayı ərzində təbii qaz hasilatı 38,2 milyard kubmetrə çatıb və agentlik qaz hasilatının pik həddə 2025-ci ildə çatacağını proqnozlaşdırır.
Qeyd edək ki, Azərbaycan hökuməti 2026-cı ildə ölkənin ÜDM-nin 134,1 milyard manat (78,88 milyard ABŞ dolları) səviyyəsinə çatacağını, bunun 101,7 milyard manatının (59,82 milyard ABŞ dolları) qeyri-neft-qaz sektorunun payına düşəcəyini proqnozlaşdırır.
Beləliklə, hökumətin qiymətləndirməsinə əsasən, 2026-cı ildə iqtisadi artım 3,2% təşkil edəcək, o cümlədən qeyri-neft-qaz sektorunda artım 8,8% səviyyəsində olacaq.
Hökumətin yenilənmiş proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ÜDM-nin həcmi 129,9 milyard manat (76,41 milyard ABŞ dolları) gözlənilir ki, bunun da 93,5 milyard manatı (54,99 milyard ABŞ dolları) qeyri-neft-qaz sektorunun hesabına formalaşacaq.
