Son dəqiqə

Bolqarıstan

Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində təcrübə mübadiləsi aparılıb

Bakı, TurkicWorld

Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsi, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi, Hüquq baş idarəsi, Vergi ödəyicilərinə xidmət baş idarəsi, İnzibati şikayətlərə baxılması baş idarəsi və digər strukturların əməkdaşlarından ibarət nümayəndə heyəti Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə səfər ediblər.

Bu barədə TurkicWorld DVX-yə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində Bolqarıstanın Milli Gəlirlər Agentliyinin rəhbər vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlər zamanı DVX-nin nümayəndə heyəti tərəfindən milli təcrübə ilə bağlı təqdimatlar edilib. Təqdimatlarda Azərbaycan vergi administrasiyasının təqdim etdiyi xidmətlər, vergi ödəyicilərinin məmnuniyyət səviyyəsinin müəyyənləşdirilməsi, xidmətlərin qiymətləndirilməsi və keyfiyyət səviyyəsinin artırılması metodları, bu sahədə əsas fəaliyyət göstəriciləri və faktiki göstəricilərin uyğunluğunun yoxlanılması mexanizmləri barədə məlumat verilib. DVX-də müştəriyönümlülük prinsiplərinin tətbiqi, istifadəçi təcrübəsi laboratoriyasının (UX-laboratoriya) fəaliyyəti, yaradılmaqda olan proaktiv və situativ xidmətlər barədə məlumatlar Bolqarıstanlı həmkarların diqqətinə çatdırılıb.

Bundan başqa, DVX əməkdaşları Milli Gəlirlər Agentliyinin "Iztok" xidmət mərkəzi ilə tanış olublar. Məhkəmə və məhkəməyə qədər mübahisələrin həlli, inzibati şikayətlərə baxılması, vergi ödəyicilərinə xidmət, kameral vergi yoxlamaları və digər sahələrdə təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər Azərbaycan və Bolqarıstan vergi xidmətləri arasında yeni yaradılmış işçi qrupunun fəaliyyəti çərçivəsində baş tutub.

Mövzuya görə xəbərlər