Bakı, TurkicWorld
119 ölkə su ilə birbaşa əlaqəli olan biomüxtəliflik üzrə milli hədəflərini təqdim edib.
TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen COP29 çərçivəsində "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.
"Bu ilin fevralında keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 6-cı Assambleyasında su siyasətinin gücləndirilməsi və su ehtiyatlarının idarə edilməsi təşəbbüslərinin artırılmasına yönəlmiş qətnamə qəbul edilib. Verilmiş milli müəyyən edilmiş töhfələrin (NDC) 90 faizindən çoxu su ilə bağlı mühüm elementləri əhatə edir ki, bu da müsbət haldır.
119 ölkə artıq biomüxtəliflik üzrə milli hədəflərini təqdim edib. Lakin acı həqiqət budur ki, bu öhdəliklər nə maliyyələşmə, nə də fəaliyyət və ya kompleks yanaşmalar baxımından yerinə yetirilmir. Məhz buna görə Su üzrə Bakı Dialoqu belə böyük əhəmiyyət kəsb edir. Biz daha sürətlə hərəkət etməli və sektoral yanaşmadan ümumi iqtisadi yanaşmaya keçməliyik", – deyə İ.Andersen vurğulayıb.
Onun sözlərinə görə, şəhər infrastrukturuna, kənd təsərrüfatına, suyun istifadəsinə və saxlanmasına, həmçinin təbii su anbarlarına yenidən baxılmalıdır.
"Biz institusional öhdəliklər və investisiyalarla uyğunlaşdırılmış konkret fəaliyyət proqramına malik olmalıyıq. Hələ də yanlış yerlərdə infrastruktur layihələrinə sərmayə qoymağa davam edirik, çayları kanallaşdıraraq onları yüksək su səviyyələrində "nəfəs alma" imkanından məhrum edirik və keçmişə əsaslanan, gələcəyin proqnozlarına deyil, keçmişə əsaslanan hidroelektrik stansiyalar inşa edirik ", – deyə İ.Andersen bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.