Son dəqiqə

Muxtar Babayev

Azərbaycan buzlaqların qorunması və davamlı su idarəçiliyinə sadiqliyini bir daha təsdiqləyir - Muxtar Babayev

Bakı, TurkicWorld

Azərbaycan regional tərəfdaşlarımızla həmrəy olaraq, buzlaqların mühafizəsi və su ehtiyatlarının davamlı idarə olunmasına sadiqliyini bir daha təsdiqləyir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Mərkəzi və Qərbi Asiyada buzlaqların əriməsinin qarşısını almaq üçün iqlim dəyişikliyi və regional əməkdaşlıq" mövzusunda keçirilən panel müzakirəsində deyib.

"Həmtəşkilatçılarımıza Asiya İnkişaf Bankına və Yaşıl İqlim Fonduna zəmanəmizin ən aktual problemlərindən birini - buzlaqların əriməsi və onun geniş yayılmış nəticələrini həll etmək üçün bizi bir araya gətirdiklərinə görə təşəkkür edirəm. Bu görüş Qafqaz və Mərkəzi Asiya regionlarında iqlim zəifliyini aradan qaldırmaq üçün bizim birgə qətiyyətimizi nümayiş etdirir", - o deyib.

Onun sözlərinə görə, Böyük Qafqazın buzlaqlarından tutmuş geniş kənd təsərrüfatı düzənliklərinə qədər uzanan bölgə buzlaqların geri çəkilməsi ilə bağlı artan risklərlə üzləşir. Bu kritik şirin su ehtiyatları sürətlə tükənir, su qıtlığına, səhralaşmaya və kənd təsərrüfatı məhsuldarlığının azalmasına gətirib çıxarır, yaşayış vasitələrinə və ekosistemlərə ciddi təsir göstərir.

"Mənim qənaətimcə, biz su resurslarının idarə olunmasını prioritet məsələ səviyyəsində müəyyən etməliyik. Bununla yanaşı, stabil iqlim infrastrukturunun yaradılması, transsərhəd çaylarının ekoloji cəhətdən təmizliyi eləcə də dialoq və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətindəki səylərimizi daha da aktivləşdirməliyik. Hesab edirəm ki, COP29 səylərin birləşdirilməsi və iqlim dəyişikliyi sahəsində konkret fəaliyyətlərin müəyyən olunması üçün mühüm platformadır. Bununla biz həm də regional su təhlükəsizliyinin qorunması, habelə yeni nəsillər üçün daha dayanıqlı gələcəyin formalaşmasına da töhfə verə biləcəyik", - Muxtar Babyev vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan "Buzlaqlardan təsərrüfatlara" (G2F) transformasiya regional proqramını dəstəkləyir. Bu proqram buzlaqların əriməsi ilə mübarizə, iqlimə davamlılığı artırmaq və icmalarımız üçün ərzaq və su təhlükəsizliyini təmin etmək üçün perspektivli həll yoludur.

"Azərbaycanda müvafiq uyğunlaşma tədbirlərini əsas sektorlara inteqrasiya edən Milli Uyğunlaşma Planı hazırlanıb. Biz transsərhəd əməkdaşlığı və dialoqu təşviq etməklə yanaşı, su idarəçiliyinə, iqlimə davamlı infrastruktura və davamlı torpaq təcrübələrinə üstünlük verməliyik", Babayev əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər