Son dəqiqə

COP29

COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb

Bakı, TurkicWorld

Bakıda keçirilən COP29 iqlim sammitində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb.

TurkicWorld xəbər verir ki, tədbir COP29 Sədrliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu tərəfindən təşkil olunub.

Platformanın məqsədi biznes, maliyyə və xeyriyyəçilik sahələrindən olan liderləri bir araya gətirərək Paris Sazişinin hədəflərinə çatmaq üçün birgə fəaliyyətə təkan verməkdir.

Bir neçə seqment üzrə təşkil olunmuş tədbirdə əsas mövzular arasında 2030-ci ilədək iqlim maliyyələşməsi tədbirləri, iqlim fəaliyyəti üçün genişləndirilmiş xarici birbaşa investisiyalar üçün dövlət və özəl sektor əməkdaşlığının sürətləndirilməsi, dekarbonizasiya həllərinin təşviqi, iqlim uyğunlaşdırılması və dayanıqlılıq üçün maliyyə həlləri yer alacaq, eləcə də iqlim liderlərinin dialoqu keçiriləcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər