Bakı, TurkicWorld
COP29 üçün xüsusi giriş vizalarının qeydiyyatı davam edir.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) ASAN viza departamentinin müdiri İsmayil Rəsulzadə COP29-a hazırlıq çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan mediatur yekunlarına dair keçirilən media-briefinqdə deyib.
"Qeydiyyatdan keçmiş iştirakçılar 'COP29 Xüsusi Viza'sına müraciət etmək üçün rəsmi elektron viza portalından istifadə etməlidirlər. Tamamlanmış viza müraciəti təqdim edildikdən sonra, 3 iş günü ərzində rəsmiləşdirilməsi nəzərdə tutulur", - o bildirib.
İ.Rəsulzadə xatırladıb ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu "ASAN Viza" sistemi üzərindən fəaliyyət göstərən portalın hazırlanması ilə bağlı işlərə bu ilin yanvar ayından start verilib.
"Ötən dövr ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Xarici İşlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının müvafiq təsisatı - BMTİDÇK (UNFCCC) ilə qarşılıqlı inteqrasiya təmin edilib. Dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portalın ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyəti təmin edilib", - Departament müdiri əlavə edib.