Son dəqiqə

Taleh Kazımov

Mərkəzi Bankın sədri ABŞ-yə gedib

Bakı, TurkicWorld

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak məqsədilə ABŞ-yə işgüzar səfəri başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Səfər çərçivəsində nümayəndə heyətinin Vaşinqton şəhərində Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə iştirakı, eləcə də DB və BVF-nin rəhbər şəxsləri ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, DB və BVF tərəfindən keçirilən İllik Toplantılar dövlət və özəl sektoru təmsil edən rəhbər şəxsləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu nümayəndələrini bir araya gətirir. Keçirilən görüşlərdə qlobal əməkdaşlıq münasibətləri gündəliyində ən mühüm məsələlər və iqtisadi çağırışlar müzakirə olunur.