Bakı, TurkicWorld
COP29 iqlim dəyişikliyi ilə mübarizədə həll edici rol oynayacaq.
TurkicWorld xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) çərçivəsində keçirilən "TROİKA Missiya 1.5 üçün Yol Xəritəsi: Beynəlxalq Əməkdaşlığın Artırılması" adlı dəyirmi masada çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığı genişləndirməliyik.
"Şəffaflıq çərçivəsi bizim kollektiv məsuliyyətimizi təmin edir. Fəxrlə deyə bilərəm ki, Bakı şəffaflıq platforması təqdim edirik. Artıq Afrikada, Mərkəzi Asiyada təlimlər keçmişik. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik.
İqlim dəyişikliyi istiqamətində maliyyə cəlb etməliyik. Bu olmadan nailiyyət əldə etmək çətindir. Biz dayanıqlı inkişaf məqsədlərimizə uyğun olaraq investisiya planlarımızı qurmalıyıq. COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığı gücləndirmək üçün platformadır. Qarşımızdakı yol asan deyil. Lakin qətiyyətli, ambisiyalı olaraq dayanıqlı gələcək qura bilərik",- deyə o bildirib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (UNFCCC) ərəfəsində keçirilən PreCOP29 iclası keçirilir.
Konfrans "Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi" devizi ilə baş tutur.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.