Bakı, TurkicWorld
Asiya İnkişaf Bankı (AİB) Sunniya Durrani-Camalı Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib. O, bu gün Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
AİB-dən TurkicWorld-ə verilən məlumata görə, xanım Durrani-Camal AİB-in Azərbaycandakı fəaliyyətinə rəhbərlik edəcək və bankın hökumət və digər maraqlı tərəflərlə əlaqələrini idarə edəcək. O, həmçinin, bankın yeni ölkə tərəfdaşlığı strategiyasının (CPS) hazırlanmasına və həyata keçirilməsinə nəzarət edəcək. Yeni tərəfdaşlıq strategiyası AİB-in Azərbaycandakı mövcud fəaliyyətinə əsaslanacaq. Sənədin əsas diqqət mərkəzində olan strateji sahələr hökumətin inkişaf strategiyası və AİB-in 2030-cu il Strategiyası ilə uyğunluq təşkil edəcək.
"Zəngin mədəniyyətə və əhəmiyyətli iqtisadi potensiala malik olan Azərbaycanda AİB-in səylərinə rəhbərlik etmək mənim üçün şərəfdir", - deyə xanım Durrani-Camal bildirib. "Prioritet vəzifələrim AİB-in hökumətlə davamlı əməkdaşlığını genişləndirmək, iqtisadiyyatın şaxələndirilməsinə və Azərbaycanda insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Bura bərpa olunan enerji layihələrinin genişləndirilməsi, iqlim dəyişikliyinin həllinə yönəlmiş məsələlər, habelə bu Qafqaz ölkəsində özəl sektorun idarə etdiyi yaşıl iqtisadiyyata keçidə töhfə vermək daxildir".
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" - Azərbaycanın 10 illik inkişaf strategiyası ölkənin dayanıqlı və rəqabətədavamlı iqtisadiyyatının inkişafı, inklüziv cəmiyyətin dəstəklənməsi, insan kapitalının təkmilləşdirilməsi, yaşıl inkişafa keçid və infrastrukturun yaxşılaşdırılması üzrə ambisiyalarını əks etdirir.
Asiya və Sakit Okean regionunun iqlim bankı kimi AİB, həmçinin gələn ay Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim sammiti ərəfəsində potensialın gücləndirilməsi də daxil olmaqla Azərbaycanın COP29-a sədrliyini dəstəkləyir.
Xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla AİB-də çalışıb. O, AİB-in Kamboca üzrə ölkə direktoru, bankın Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçı kimi müxtəlif vəzifələrdə çalışıb.
Xanım Durrani-Camal Böyük Britaniyanın Sussex Universitetindən iqtisadiyyat (İnsan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir. O, AİB-in Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoru Candice McDeigan-ı əvəz edir.
Azərbaycanın banka üzv olduğu 1999-cu ildən etibarən AİB dövlət və özəl sektora, o cümlədən nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələrinə 5 milyard dollardan çox vəsait ayırıb.
AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, davamlı və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.