Bakı. TurkicWorld
Azərbaycan Dəmir Yolları fəaliyyətini müasir dövrün tələbləri əsasında quraraq sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması və əlavə dəyər yaratmaq məqsədilə yeniliklərə imza atır.
Prezident İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu fikri xüsusi qeyd edir ki, bu məqsədlərə nail olmaq üçün ilk növbədə iqtisadiyyat inkişaf etməlidir. Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə də Prezident İlham Əliyev bu mühüm reallığı xüsusi qeyd etdi ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.
Bu, bir reallıqdır ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana iqtisadi, həmçinin siyasi müstəqillik qazandırdı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu imkanlar ölkələr, xalqlar arasında körpü rolunu oynamasına əsas verir. Ölkə iqtisadiyyatının inkişafında vacib amillərdən biri nəqliyyat sektorunun inkişafıdır. Artıq Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Ölkəmizin təşəbbüsü və bilavasitə liderliyi ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələr yalnız iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Onu da qeyd edək ki, bu günlərdə Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirildi. Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdikləri bu tədbirdə Avrasiya Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edildi. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Orta Dəhlizin inkişafı üçün "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində islahatlarda fəal iştirak edir. İslahatlar nəticəsində Çindən Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə yük daşımalarının səmərəli təşkili üçün komissiyalar və işçi qrupları yaradıldı. "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" çərçivəsində Azərbaycanın Gürcüstan və Türkiyə ilə uğurlu əməkdaşlığı davam edir. Yeni "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının məqsədi isə Orta Dəhlizin daha da genişləndirilməsidir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın təşəbbüsü və aparıcı rolu ilə reallaşan hər bir layihə ölkəmizin dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr həm də digər ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin fəal üzvü olan Azərbaycan Çin hökumətinin "Bir kəmər, bir yol" təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təbii ki, ölkəmizin coğrafi mövqeyinə, malik olduğu imkanlara əsaslanır. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan mühüm rol oynayır.
Milli Məclisin deputatı onu da əlavə edib ki, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar həcmində sərmayələr artıq qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Nəqliyyat sektoruna qoyulan sərmayələr uzunmüddətli sərmayədir. Bu vəsaitlər insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün yatırılır. Dövlət başçısı İlham Əliyev bu ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra yeni dövrün hədəflərini özündə ehtiva edən andiçmə mərasimində Azərbaycanın iqtisadi inkişafından geniş bəhs edərək bu çağırışı etdi ki, nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Azərbaycana həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. O da qeyd edildi ki, üstünlüyümüz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etməyimizdədir.
Vüqar Rəhimzadə Azərbaycanın dəmir yollarının böyük və zəngin tarixə malik olduğunu önə çəkərək bildirib ki, ilk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. Hazırda Azərbaycan Dəmir Yolları (ADY) fəaliyyətini müasir dövrün tələbləri əsasında quraraq sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması və əlavə dəyər yaratmaq məqsədilə yeniliklərə imza atır. ADY sərnişin məmnuniyyətini yüksəltmək üçün bu ilin 23 sentyabr tarixindən loyallıq proqramının tətbiqinə başlayıb. Bu proqrama əsasən, şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə "ADY Mobile" tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradılır. Azərbaycan Dəmir Yolları, həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçəcək. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. ADY-nin təqdim etdiyi yeniliklərdən biri də 23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz "Wi-Fi" şəbəkəsinin qurulmasıdır. Oktyabr ayından etibarən qatarlarda da ödənişsiz "Wi-Fi" şəbəkəsi istifadəyə veriləcək. Bütün bu addımlar vətəndaş məmrunluğunun artırılmasına xidmət edir. Bu tədbirlər, eyni zamanda, bir daha sübut edir ki, Azərbaycan dövlətinin həyata keçirdyi siyasətin təməlində məhz vətəndaş amili dayanır. Onların sosial müdafiəsinin gücləndirilməsi, rahat həyat şəraitinin təmin edilməsi əsas prioritetlər sırasındadır. Onu da qeyd edək ki, 2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə zəruri işlər görülüb. Cari ilin avqust ayı üçün göstəricələrə diqqət yetirsək görülən işlərin, vətəndaşların razılığının yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Əldə edilən müsbət nəticələr qarşıya qoyulan hədəflərə doğru daha inamla addımlamağa stimul verir.
Millət vəkili vurğulayıb ki, nəqliyyat imkanlarımız getdikcə daha da genişlənir. Regionlarımızda, o cümlədən azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlılığını möhkəmləndirir. İqtisadiyyatın şaxələndirilməsində infrastruktur layihələrinin uğurlu icrası əsas rol oynayır. Dövlət başçısı İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirdi ki, həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq.