Son dəqiqə

İqlim dəyişikliyi

Hüquq iqlim dəyişikliyi ilə mübarizədə effektiv bir alətdir - İnam Kərimov

Bakı, TurkicWorld

Dünyada baş verən iqlim dəyişikliyi müxtəlif ölkələrin inkişafına, qlobal iqtisadiyyatın təkamülünə, ərzaq təminatına, ekoloji tarazlığa, insanların həyat tərzinə və sağlamlığa, təbii fəlakətlərə, ekosistemlərinin pozulmasına, miqrasiya proseslərinin güclənməsinə səbəb olur. Beləliklə də, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir edir. Bu dəyişiklərin fəsadları eyni zamanda hüquqdan da yan keçmir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov Bakıda "Hüquq və iqlim" (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

İ. Kərimov qeyd edib ki, bu proseslər insan hüquqlarının pozulmasına, məhkəmə çəkişmələrinin yaranmasına, məsuliyyət tədbirlərinin tətbiqinə, məhkəmə təcrübəsinin formalaşmasına da səbəb olur.

"Nəticə etibarilə iqlim dəyişikliyi təkcə ekoloji, sosial-iqtisadi məsələ deyil, həm də hüquqi məsələdir. Baş verən iqlim dəyişikliyi əsasən insan davranışlarının və fəaliyyətinin nəticəsidir. Bu baxımdan biz öncə davranışlarımızı və sosial normalarımızı, habelə ətraf mühitdən istifadəyə baxışlarımızı dəyişmədən iqlim dəyişikliyi ilə mübarizə apara bilmərik", - deyə İ. Kərimov qeyd edib.

Onun sözlərinə görə, hüquq iqlim dəyişikliyi ilə mübarizədə təbiətin, ətraf mühitin qayğısına qalan, onu qoruyan əsas tənzimləyici və effektiv bir alətdir.

"Beynəlxalq hüquq dövlətlərin qlobal ekoloji problemlərin, xüsusilə iqlim dəyişikliyinin həlli üçün kollektiv öhdəliklərini müəyyən edir, istixana qazları emissiyalarını azaltmaq üçün milli fəaliyyət planları qəbul etməyi və həyata keçirməyi tələb edir. Beynəlxalq hüquq təkcə dövlətlərdən deyil, həmçinin şirkətlərdən iqlimə təsirlərinə görə cavabdeh olmağı və iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma səylərində məsuliyyətlə iştirak etməyi tələb edir. Beynəlxalq öhdəliklər öz implementasiyasını məhz milli hüquqda qəbul edilmiş qanunvericilik aktları ilə təmin edirlər.

Hüququn yaranması hüquqşünasların fəaliyyətindən asılı olduğu kimi, onun tətbiqində də hüquq peşəsinin nümayəndələrinin rolu əsasdır. Bu prosesdə vəkillərin, prokurorların, hakimlərin, ədliyyə işçilərinin, hüquq müdafiəçilərinin, elm xadimlərinin və digər hüquq peşə sahiblərinin əlaqəli fəaliyyəti qəbul edilmiş hüququ səmərəli edir", - deyə Ali Məhkəmənin sədri vurğulayıb.

Mövzuya görə xəbərlər