Bakı, TurkicWorld
Türkiyədə İslam banklarının yanvar-iyun dövründə aktivlərinin həcmini 10,9% artıraraq 2 trilyon 262 milyard 316 milyon lirəyə yüksəldib.
TurkicWorld xəbər verir ki, İslam bankçılığı bu ilin ilk altı ayında da sabit artım tendensiyasını davam etdirib.
İlk növbədə onu qeyd edək ki, dünyada İslam bankçılığı kimi bilinən bu bankçılık forması Türkiyədə "Katılım Bankları" adı altında fəaliyyət göstərir. 1980-ci illərin sonlarından etibarən xarici sərmayə ilə ilk İslam banklarının qurulmağa başladığı Türkiyədə hal-hazırda səkkiz İslam bankı fəaliyyət göstərməkdədir. Bu bankları müvafiq olaraq dövlət tərəfindən qurulmuş Ziraat Katılım Bankası, Vakıf Katılım Bankası, Türkiye Emlak Katılım Bankası və özəl sərmayə ilə qurulmuş Kuveyt Türk Katılım Bankası, Türkiye Finans Katılım Bankası, Albaraka Türk Katılım Bankası, Hayat Finans Katılım Bankası (Dijital Banka) və Dünya Katılım Bankası təşkil etməkdədir.
Onu da əlavə edək ki, Azərbaycanda Banklar Assosiasiyası olduğu kimi Türkiyədə də İslam bankları üçün Türkiye Katılım Bankları Birliği (TKBB) qurulmuşdur.
Belə ki, TKBB-dən toplanan məlumatlara görə, Türkiyədə İslam bankları 2023-cü ilin yekununu 2 trilyon 40 milyard 850 milyon lirə aktiv böyüklüyü ilə tamamlamışdır. Həmçinin banklar tərəfindən 1,5 trilyon lirə vəsait cəlb edilmiş, ümumi itifadəyə verilən vəsait isə 1 trilyon 61 milyard lirə və ümumi səhmdar kapitalı 143,9 trilyon lirə olmuşdur.
Yanvar-iyun dövründə İslam banklarının aktivlərinin həcmi 10,9% artaraq 2 trilyon 262 milyard 316 milyon lirəyə, bank sektorundakı payı isə 8,06 faizə çatmışdır.
İlin ilk yarısında toplanan vəsaitlər 3% artaraq 1 trilyon 562 milyard 553 milyon lirəyə, xərclənən vəsaitlər isə 12,8% artaraq 1 trilyon 196 milyard 11 milyon lirəyə çatmışdır.
Sektorun ümumi kapitalı 143,9 milyard lirədən 171,4 milyard lirəyə, ümumi filial sayı 1459-dan 1486-ya, işçilərin sayı isə 19728-dən 20764-ə yüksəlmişdir.
İkisi rəqəmsal olmaqla cəmi 9 bankın fəaliyyət göstərdiyi İslam bankçılığı sektorunda, konsolidə olunmamış maliyyə nəticələrinə görə, Kuveyt Türk 761,2 milyard lirə ilə ilin ilk yarısında ən yüksək aktiv böyüklüyünə malik bank olmuşdur. İkinci yeri 389,1 milyard lirə ilə Ziraat Katılım, üçüncü yeri isə 349 milyard lirə ilə Vakıf Katılım tutmuşdur.
Bu dövrdə ən yüksək xalis mənfəəti müvafiq olaraq 15,4 milyard lirə ilə Kuveyt Türk, 5,1 milyard lirə ilə Emlak Katılım və 4,4 milyard lirə xalis mənfəətlə Vakıf Katılım əldə etmişdir.
Səhmdar kapitalı (yəni borclardan kənar bankın öz vəsaiti) baxımından isə ilk üç sırada 57,1 milyard lirə ilə Kuveyt Türk, 32,7 milyard lirə ilə Vakıf Katılım və 22,1 milyard lirə ilə Türkiyə Finans Katılım bankları yer almaqdadır.
TKBB-nin baş katibi İsmail Vural, sektorun 2023-cü ili 9 İsam bankı ilə yekunlaşdırdığını, Bank Tənzimləmə və Nəzarət Təşkilatının (BDDK) qərarı ilə 2024-cü ildə yeni bir rəqəmsal İslam bankının yaradılmasına icazə verildiyini söylədi.
Yeni İslam banklarının sistemə daxil edilməsi ilə sektorda bazar payını artırmağı planlaşdırdıqlarını deyən Vural, "Bu strateji addım həm də müştəri əhatəsini artırmaqla paylama kanallarına diqqət yetirmək və mövcud məhsul və xidmət çeşidlərini şaxələndirmək üçündür. Keçən dövrdə uğurlu performans göstərən İslam bankçılığı da Türkiyə iqtisadiyyatına əhəmiyyətli töhvə verdi", - deyə o bəlavə edib..
Vural, maliyyə sistemində mühüm mövqeyə çatan İslam maliyyə sisteminin qarşıdakı dövrdə böyük bir sıçrayış etmək ərəfəsində olduğunu bildirib.
Keçən il sektor üçün əhəmiyyətli bir addım atıldığına diqqət çəkən Vural,"Prezident Maliyyə İdarəsinin koordinasiyası və bütün müvafiq maraqlı tərəflərin fəal iştirakı ilə "İslam Maliyyəsi Strategiya Sənədi (KFSB 2022-2025)" hazırlanıb. Ölkəmizin İslam maliyyəsi sahəsində ilk milli strategiya sənədi olmaqla, KFSB, Türkiyəni İslam maliyyəsində lider ölkə statusuna gətirməyi planlaşdırır.",-deyə qeyd edib.
Aktiv rəqəmsal müştərilərin sayı 5,5 milyon
Vural, texnologiyanın getdikcə həyatın daha çox hissəsinə daxil olması ilə internet və mobil kanalların maliyyə istifadəçiləri tərəfindən daha sıx şəkildə istifadə edildiyini deyib.
Rəqəmsal İslam bankçılığının məlumatlarını paylaşan Vural, "Mobil bankçılıq İslam banklarımızda əsas kanal halına gəlib. İslam bankçılığında aktiv rəqəmsal müştərilərin sayı 2024-cü ilin iyun ayına əsasən 5,5 milyon müştəriyə, ümumi əməliyyat həcmi 3,7 trilyon lirəyə, əməliyyatların ümumi sayı isə eyni dövrdə 133 milyona çatıb. Yalnız mobil bankçılıqdan istifadə edənlərin nisbəti 90,46% ikən, yalnız internet bankçılıqdan istifadə edənlərin nisbəti isə 3,4%-də qərarlaşmışdır. Hər iki kanalı da istifadə edənlərin nisbəti isə 6,14% təşkil etməkdədir. Qeyd edək ki, müştərilərin rəqəmsal kanallar vasitəsilə maliyyə xidmətlərinin əhatə dairəsinə daxil edilməsi üçün texnoloji infrastruktura edilən investisiyaların artırılması bankların ortaq hədəfinə çevrilmişdir.",- deyə sözlərinə davam edib.
Hər il olduğu kimi 2023-cü ildə də təşkil edilən 6-cı Dövr İslam Bankçılığı Sektoru Araşdırma Hesabatından bəhs edən Vural, İslam banklarının genişlənən ATM şəbəkəsi və rəqəmsal xidmətlərin inkişafı ilə yanaşı, mobil bankçılıq tətbiqlərinin pərakəndə müştərilər üçün daha çox ön plana çıxdığını, həmçinin biznes seqmentindəki müştərilərin isə əlçatan olmağı və ən qısa zamanda həl edilən xidmət keyfiyyətinə diqqət çəkdiyini bildirib.
Sözlərinə davam edən Vural, “2023-cü ilin iyun ayında Xəzinədarlıq və Maliyyə Nazirliyi və 6 İslam bankının əməkdaşlığı və TKBB-nin dəstəyi ilə KOBİ-lərin maliyyəyə çıxışını asanlaşdırmaq üçün lazım olan zaminlik/girov dəstəyini təmin etmək məqsədiylə "Katılım Finans Kefalet AŞ" (KFK) yaradılmışdır.
Kiçik və orta biznes subyektlərinə (KOB) İslam bankları tərəfindən ayrılan maliyyə məbləğinin 2023-cü ildəki 393 milyard 793 milyon lirədən bu ilin iyun ayına qədər 20,5% artaraq 474 milyard 539 milyon lirəyə çatdığını deyən Vural, KOB-ların maliyyələşdirilməsinə bu xüsusi konsentrasiyanın nəticəsi olaraq, İslam banklarının ümumi maliyyələşdirmə istiqamətləri arasında KOB-ların payının 39,68 faiz təşkil etdiyini qeyd edib.
Sonda Türkiyə İslam banklarının əsas məqsədinə toxunan Vural, "Müştəri sayının və bazar payının artırılması İslam bankçılığının 2025-ci ilə qədər diqqət mərkəzində olacağı əsas məsələlərdən biridir. Bu kontekstdə hədəf müştərilərlə ünsiyyətin gücləndirilməsi və İslam maliyyə sisteminin fəaliyyətinin müştərilərə hərtərəfli şəkildə çatdırılması və mənimsənilməsi mühüm vəzifə kimi qarşımıza çıxır. Həmçinin, maliyyə savadlılığının artırılmasına yönəlmiş təhsil və kommunikasiya fəaliyyətlərini genişləndirməklə maliyyə inklüzivliyinin artırılması ediləcəklər arasında mühüm yer tutur ”, - deyə o əlavə edib.