Bakı, TurkicWorld
COP29 Paris sazişinin reallaşdırılması üzrə kollektiv səylərdə mühüm mərhələdir.
Bunu TurkicWorld -ə Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Bakıya səfəri zamanı özəl müsahibəsində deyib.
"Tərəflərin ötən ilki konfransında mühüm nailiyyətə nail olduq, lakin bilirik ki, yerimizdə dura bilmərik və əlbəttə ki, geri çəkilə bilmərik", - deyə B.Kumer bildirib.
"Sloveniya Avropa İttifaqının üzvü olaraq COP29-un uğuruna fəal töhfə verəcək. Biz inkişaf etməkdə olan ölkələrə özlərinin gələcək iqlim siyasətlərini və tədbirlərini həyata keçirməyə kömək edəcək yeni maliyyə hədəfinə nail olmalıyıq. Sloveniya iqlimin maliyyələşdirilməsinə sadiqliyini nümayiş etdirir, digər məsələlərlə yanaşı, ölkənin İtki və Zərər Fondu qarşısındakı öhdəliyi də buna nümunədir. Ölkənin ölçüsünə görə ən kiçik donorlardan biri olmaqla, bu öhdəlik mürəkkəb çoxtərəfli vəziyyətdə mühüm siqnal olaraq çıxış edir", - o deyib.
Kumer qeyd edib ki, nəticələrin yumşaldılmasında irəliləyişin əldə olunması da mühüm əhəmiyyət kəsb edir.
"Aİ-də hazırda 2040-cı il üçün yeni iqlim hədəfini müzakirə edirik. Bu, vaxtında təqdim edilməli olan və iddialı Milli Səviyyədə Müəyyən edilmiş Töhfə (NDC) üçün əsas olacaq. Bütün bu elementlər, ötən il qlobal səviyyədə yekunların çıxarılması prosesinin fəal davam etməsi ilə birlikdə COP29-un uğurla keçirilməsi üçün paket təşkil edəcək. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşdə mənə dedilər ki, hazırlıq işləri çox yaxşı gedir. Ona və komandasına Sloveniya tərəfindən hər cür köməkliyi təklif etdim", - Kumer deyib.
Onun sözlərinə görə, Sloveniya komandası danışıqlarda və siyasi təşəbbüslərdə konstruktiv şəkildə iştirak etməyə və Azərbaycanın COP-a sədrliyinin uğurla nəticələnməsinə imkan yaratmağa tam hazırdır.
"Həmçinin, Azərbaycanın Sülh və Gender Bərabərliyi Gününü qeyd etmək təşəbbüsünü alqışlayırıq. Bundan başqa, COP29-da gənclərin iştirakını və vətəndaş cəmiyyətinin cəlb olunmasını fəal şəkildə dəstəkləyirik. Nəhayət, su təsərrüfatı və kənd təsərrüfatı kimi sektorlar həm Sloveniya, həm də Azərbaycan üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. İqlim dəyişikliyi ilə mübarizədə sektoral yanaşmaların getdikcə daha mühüm rol oynadığını bildiyimizdən, bu sahələrdə proqramları təşviq etməyə çalışırıq", - deyə o bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.