Zəngilan. TurkicWorld:
Azərbaycan ağacların əkilməsi və ölkənin yaşıllaşdırılması istiqamətində genişmiqyaslı təşəbbüslər irəli sürüb.
TurkicWorld -un Qarabağ bürosu xəbər verir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Zəngilanda keçirilən "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan 270 min hektar meşə sahəsini bərpa etməyi öhdəsinə götürüb.
"2023-cü ildə 4 milyona yaxın ting əkmişik, 2024-cü ildə isə bu rəqəmi daha 5 milyona çatdırmağı planlaşdırırıq".
O qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında Bakıda keçirilməsi hökumətin ətraf mühitə diqqətlə bağlı öhdəliyini vurğulayır: "Azərbaycan üçün COP29-a ev sahibliyi etmək böyük şərəfdir. Tədbir dünya liderlərinə bir araya gəlmək, fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığı gücləndirmək imkanı verəcək. Bu tədbirin Bakıda keçirilməsi həm də Azərbaycanın ətraf mühitə hörmətlə bağlı öhdəliklərini vurğulayır".