Şərqlə Qərb arasında körpü qurulması mühüm vəzifələrdən biri olmalıdır - Peter Siyarto

Şərqlə Qərb arasında körpü qurulması mühüm vəzifələrdən biri olmalıdır - Peter Siyarto

Bakı. TurkicWorld:

Şərqlə Qərb arasında körpü qurulması, Avropa İttifaqı (Aİ) ilə Çin arasında təhlükəsiz tranzit marşrutunun yaradılması qarşıdakı illərdə ən mühüm vəzifələrdən biri olmalıdır.

TurkicWorld xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto SPECA həftəsi çərçivəsində SPECA Ticarət üzrə İşçi Qrupunun 18-ci iclasında deyib.

"İnanıram ki, Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsi Avropanın əsl təkanverici qüvvəsi olacaq", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Macarıstan Şərqlə Qərb arasında əməkdaşlıqda maraqlıdır.

"Bu kontekstdə Mərkəzi Asiya Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayır. Bu səbəbdən Mərkəzi Asiyanın rolunun möhkəmlənməsinə imkan yaradan və onun ölkələri arasında əməkdaşlığa yardım edən istənilən təşəbbüs dəstəyə layiqdir. Biz məqsədin əldə olunmasına - Mərkəzi Asiyanın Şərqlə Qərb arasında körpü olmasına yönəlmiş bütün səyləri dəstəkləyirik", - deyə Siyarto əlavə edib.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə təsis olunub.

Hazırda "SPECA"-ya üzv dövlətlər Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

"SPECA" regional əməkdaşlıq yolu ilə ən yaxşı şəkildə əldə edilməsi mümkün olan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün sub-regional əməkdaşlıq platforması təmin edir. 2023-cü ildə Proqrama Azərbaycan sədrlik edir.

20-24 noyabr 2023-cü il tarixlərində Bakıda "SPECA Günləri" keçirilir.