Azərbaycan Qadınlarının VI Qurultayında KOBİA da təmsil olunub

Azərbaycan Qadınlarının VI Qurultayında KOBİA da təmsil olunub

Bakı. TurkicWorld:

Azərbaycan Qadınlarının VI Qurultayında qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, biznesdə qadınların rolunun artması mövzuları da müzakirə edilib.

“Gülüstan” sarayında Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan və Tacikistandan dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın bütün regionlarından 600-ə yaxın qadının bir araya gəldiyi tədbirdə rəsmi hissə ilə yanaşı, müxtəlif mövzularda panel müzakirələr də təşkil olunub. “Sosial - iqtisadi islahatların gender aspektləri. Formal və qeyri formal məşğulluqda qadın təmsilçiliyi” mövzusunda paneldə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, biznesdə qadınların rolunun artması, Agentliyin qadın sahibkarlara dəstəyi barədə məlumat verib. Qeyd edilib ki, ölkəmizdə qadınların kiçik biznesə, özünüməşğulluğa marağı, eləcə də hüquqi şəxslərin və müəssisələrin təsisçiləri, idarəediciləri sırasında sayı artır. Araşdırmaların və sorğuların təhlili göstərir ki, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çətinliklərdəndir. Qadınların özünüməşğulluğa və biznes fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Qadınlar biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştiraka dəstək, daxili bazar araşdırması və s. dəstək və xidmətlərindən faydalana bilərlər. KOBİA-nın dəstək mexanizmləri çərçivəsində ötən müddət ərzində 9 qadın sahibkara qrant, 17-nə “Startap” şəhadətnaməsi verilib, təkcə 2023-cü il ərzində keçirilən təlim və məsləhət xidmətlərindən 3500-dən çox qadın faydalanıb.