Azərbaycan "Global Muslim Business Forum"da iştirak edəcək

Azərbaycan "Global Muslim Business Forum"da iştirak edəcək

Bakı. TurkicWorld:

Azərbaycan bu il 28-30 noyabr ərzində Malayziyada keçiriləcək "Global Muslim Business Forum"da (GMBF) iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bunu İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının tədbirlərin təşkili departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Aya Mahrus İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının Bakıda keçirilən 35-ci iclası çərçivəsində "ICHS-nin halal bazara çıxış üzrə yeni təşəbbüsləri" tədbirində deyib.

"Forum islam maliyyəsi, yaşıl texnologiyalar və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə qabaqcıl təcrübənin öyrənilməsinə imkan yaradacaq və mövzusunu "İslam iqtisadiyyatında innovasiya və transformasiyalar" təşkil edir", - deyə o vurğulayıb.

Qeyd edək ki, 17 iyul 2023-cü il tarixində Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası öz işinə başlayıb.

İclasda 20 üzv ölkədən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur. Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir də daxil olmaqla bir sıra ölkələrdən geniş tərkibli nümayəndə heyətləri və sahibkarlar iki gün ərzində Bakıda müxtəlif mövzularda panel müzakirələrdə, ölkələrin iqtisadi potensialının təqdimatlarında və B2B formatında görüşlərdə iştirak edəcək, bir sıra iri kənd təsərrüfatı müəssisələrinə baş çəkəcək və əməkdaşlıq barədə bir sıra sənəd imzalayacaq.