Azərbaycan SOCAR Macarıstan qaz tədarükü MVM CEEnergy Zrt.

Azərbaycan və Macarıstan qaz tədarükü barədə birdəfəlik saziş imzalayıblar

Bakı. TurkicWorld:

Macarıstanın "MVM CEEnergy Zrt." və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qaz tədarükü barədə imzalanmış saziş birdəfəlik sövdələşmədir.

Bu barədə şirkətdən TurkicWorld-in sorğusuna cavab olaraq bildiriblər.

"Enerji təchizatının diversifikasiyası planında mühüm mərhələ ondan ibarətdir ki, artıq bu ildən Azərbaycandan Macarıstana təbii qazın nəqlinə başlanılacaq. Macarıstanın təbii qazın topdan satışı üzrə ən böyük treyderi olan MVM CEEnergy ilə SOCAR arasında iyunun 2-də 100 milyon kubmetr qazın nəqlinə dair saziş imzalanıb. Tədarüklər 2023-cü ilin dördüncü rübündə başlayacaq", - deyə şirkətdən bildiriblər.

"MVM CEEnergy Zrt."dən verilən məlumata görə, qeyd olunan sazişin predmetini birdəfəlik sövdələşmə təşkil edir, lakin gələcək əməkdaşlıq barədə danışıqlar davam edir.

"Tədarüklər üçün mövcud infrastrukturdan istifadə olunacaq", - deyə şirkətdən bildiriblər.

Daha əvvəl Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto iki ölkənin ildə bir-iki milyard kubmetr qaz tədarükü üzrə saziş bağlamaq baxımından ümumi siyasi görüşə malik olduğunu qeyd edib.

Nazir bildirib ki, Rumıniya, Bolqarıstan, Türkiyə və Serbiyadan olan dostlarla, həmçinin Yunanıstan və Slovakiya ilə birgə regionun enerji infrastrukturunu modernizasiya etməyin mümkün olacağına və ölkənin alternativ enerji mənbələrinə çıxış əldə edəcəyinə ümid edir.

"Beləliklə, bu il Azərbaycandan ilk tədarükləri qəbul etməyə şad olarıq", - deyə Peter Siyarto əlavə edib.

Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Trans-Adriatik Boru Kəmərinin (TAP) ilkin buraxılış gücü 20 milyard kubmetrədək genişləndirilmə potensialı ilə ildə 10 milyard kubmetr təşkil edir.

Mövzuya görə xəbərlər