BAKI, TurkicWorld
Türk Mədəniyyəti və İrsi Fondunun TurkDiscovery YouTube platformasında yeni sənədli layihənin təqdimatına hazırlaşılır.
TurkicWorld xəbər verir ki, Fondun aparıcı təşəbbüslərindən biri olan TurkDiscovery platforması bu dəfə “Əbədiyyətin nişanələri – Türk dünyası rəmzlərdə” adlı yeni sənədli seriya üzərində işləyir. Layihə türk dünyasının maddi və mənəvi irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədini daşıyır.
Yeni sənədli seriyada petroqliflər, damğalar, zoomorf abidələr, dağ balbalları və runik əlifbalar kimi qədim irs nümunələri vizual formada təqdim olunacaq. Layihə vasitəsilə türk xalqlarının ortaq tarixi yaddaşı, mədəni kökləri və nəsillərarası bağlılığı tamaşaçıya çatdırılacaq.
Çəkilişlər qədim petroqliflər, dini memarlıq nümunələri, ornamentlər və təbii landşaftların yerləşdiyi geniş Türk dünyası coğrafiyasını əhatə edir. Sənədli seriyada hər bir rəmz, daş və vizual detal türk irsinin əbədiliyini və canlı ruhunu əks etdirmək məqsədilə seçilib.
Layihə türk dünyasının qədim məskənləri boyunca sükuta qərq olmuş simvolların və müqəddəs nişanələrin yenidən “canlandırılmasını”, tarixlə müasir tamaşaçı arasında körpü qurulmasını hədəfləyir.
Sənədli seriyanın yaxın vaxtlarda TurkDiscovery YouTube platformasında yayımlanacağı bildirilir.







