Bakı. TurkicWorld:
Heydər Əliyev Mərkəzində "Premier LTD" agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Beynəlxalq Bakı Yay Caz Günləri" çərçivəsində gürcü və fransız caz musiqiçilərinin, həmçinin gənc azərbaycanlı pianoçuların heyrətamiz konserti keçirilib.
TurkicWorld cümə axşamı xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında keçirilən konsertdə gürcü pianoçusu, aranjimançı, Berkli musiqi kollecinin professoru Georgi Mikadze fransalı musiqiçilər Fransua Muten (kontrabas) və Rafael Pannye (zərb alətləri), həmçinin gənc azərbaycanlı musiqiçilərlə birlikdə çıxış edib.
Gecənin birinci hissəsində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri İsa Bağırov, Əminə Səfiquluyeva, Leyla Səmədzadə, Məryəm Məmmədova, Dərya Hüseynova və Ömər Həsənli çıxış ediblər. Gənc musiqiçilər Azərbaycanın əməkdar artistləri Vaqif Əliyev (zərb alətləri) və Ruslan Hüseynovla (bas gitara) eyni səhnəni paylaşıblar.
Musiqiçilər konsert proqramına böyük məsuliyyətlə hazırlaşdıqlarını və "Bakı Yay Caz Günləri" çərçivəsində çıxış etməkdən məmnun olduqlarını bildiriblər.
Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yetirməsi Əminə Səfiquluyeva Trend-lə söhbətində "Bakı Yay Caz Günləri"nin caz musiqisinin təbliğinə xidmət etdiyini qeyd edib.
"Biz hamımız proqramımızı qüsursuz şəkildə təqdim etmək üçün bu konsertə ciddi hazırlaşmışıq. Bizdən sonra tamaşaçılar Gürcüstan və Fransanın məşhur musiqiçilərinin ifasını dinlədi, mənim üçün onlarla eyni musiqi gecəsində çıxış etmək böyük şərəf və xoşbəxtlikdir. Qeyd edim ki, cazı açıq səma altında ifa etmək, səhnənin qarşısında Heydər Əliyev Mərkəzinin gözəl binasını görmək insana böyük ilham verir", - deyə 13 yaşlı pianoçu vurğulayıb.
10 yaşlı pianoçu Ömər Həsənli konsertdə Dyuk Ellinqtonun "Karvan" əsərini və Elvis Preslinin repertuarından Hound Dog əsərini ifa edib.
"Hər bir çıxış böyük məsuliyyətdir axı biz böyük Azərbaycan pianoçusu, caz-muğam musiqi cərəyanının banisi Vaqif Mustafazadənin adını daşıyan məktəbi təmsil edirik. Mən Azərbaycan musiqisini və bəstəkarlarımızın əsərlərini sevirəm. "Bakı Yay Caz Günləri" kimi tədbirlər sayəsində daha çox dinləyici caz musiqisi ilə dünyanın müxtəlif ölkələrindən musiqiçilərin yaradıcılığı ilə tanış olur", - deyə Ömər Həsənli qeyd edib.
İncəsənət Məktəbinin 7-ci sinif şagirdi Məryəm Məmmədova böyük izləyici auditoriyası qarşısında ilk dəfə çıxış etmir. "Sevimli əsərlərimdən birini - Əzizə Mustafazadənin "Dreaming Sheherezadeh" adlı əsərini ifa etdim. Bu əsəri ifa etməkdən böyük zövq alıram. Həmçinin Georgi Mikadze və fransız musiqiçilərinin çıxışlarını dinləmək də maraqlı idi, bu fərqli musiqi mədəniyyətidir, mən bir çox yeni şey öyrəndim, bu isə həmişə maraqlıdır", - deyə gənc pianoçu Məryəm Məmmədova qeyd edib.
Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri öz istedadlarını nümayiş etdirərək əsərləri ilhamla, emosional şəkildə və şövqlə ifa edirdilər. Dinləyicilər isə onları gur alqışlarla mükafatlandırdılar.
Sonra gürcü pianoçusu, aranjimançı, Berkli musiqi kollecinin professoru Georgi Mikadze ilə fransalı musiqiçilərinin heyrətamiz çıxışı olub. Məşhur gürcü bəstəkarlarının caz improvizasiyaları dinləyicilərin diqqətinə təqdim olunub.
Georgi Mikadze Tbilisidə anadan olub və hazırda ABŞ-də yaşayır. Beş yaşından fortepianoda ifa edir. 12 yaşında simfonik orkestrin müşayiəti ilə ilk solo konserti keçirilib. İki il sonra Mikadze musiqi bəstələməyə başlayıb və qısa müddət ərzində onda caza maraq oyanıb. Karyerasında kəskin irəliləyiş özünün musiqi kvartetini yaratdıqdan sonra baş verib. O öz kvarteti ilə bir çox beynəlxalq caz festivallarında iştirak edib ki, bunların arasında Montredəki festival da var.
Heydər Əliyev Mərkəzinin parkında keçirilən konsert bakılı caz pərəstişkarlarının və şəhərimizin qonaqlarının diqqətini cəlb edib. Gecə musiqi tapıntıları ilə zəngin olub, səslənən musiqilər dinləyiciləri ruhlandıraraq onlara canlı emosiyalar bəxş edib.
Georgi Mikadze KİV nümayəndələri ilə müsahibəsində "Bakı Yay Caz Günləri"nin keçirilməsinin dinləyicilər üçün gözəl musiqidən həzz almaq imkanı olduğunu qeyd edib.
"Bakı şəhərində çıxış etmək mənim üçün böyük şərəfdir, mən buraya daha əvvəl bir neçə dəfə gəlmişəm. Azərbaycanda mənim dostlarım yaşayır, lakin ilk dəfədir məhz burada çıxış edəcəyəm. Azərbaycan cazla bağlı olan böyük musiqi tarixinə malikdir. Vaqif Mustafazadənin yaradıcılığını xüsusən qeyd etmək istərdim, onun musiqisi mənim həyatımda da mühüm rol oynayıb. Biz konsertdə gürcü bəstəkarlarının bəstələdikləri əsərləri ifa etdik. Bunların arasında Giya Kançelinin "Mimino" və "Kin-dza-dza!" filmlərindən musiqiləri də var idi", - Georgi Mikadze deyib.
Qeyd edək ki, 5-ci "Bakı Yay Caz Günləri" çərçivəsində (3-7 iyul) Azərbaycan, Türkiyə, Kuba, İsrail, Fransa və Rusiyanın məşhur sənətkarları çıxış edirlər. Festival həm müxtəlif mədəniyyət mərkəzlərində, həm də açıq meydanlarda təşkil olunur ki, bu onları daha geniş auditoriya üçün əlçatan edir. Bu isə festivalın əsas məqsədinə - caz musiqisinin daha geniş təbliğinə xidmət edir.
Xatırladaq ki, iyulun 3-də Heydər Əliyev Mərkəzində "Beynəlxalq Bakı Yay Caz Günləri"nin təntənəli açılışı olub. İki konsert təqdim olunub. Türk musiqiçiləri - məşhur gitara ifaçısı Öndər Focan, caz ifaçısı Meltem Ege, həmçinin Şenov Ülkər (truba, flügerhorn), Bulut Gülen (trombon), Ozan Musluoğlu (kontrabas) və Serkan Alagökü (zərb alətləri) Bakı Kamera Orkestrinin müşayiəti ilə çıxış edib. Sona məşhur pianoçu, beynəlxalq müsabiqələrin laureatı, Azərbaycanın əməkdar artisti Elçin Şirinov israilli həmkarları Amir Bresler (zərb alətləri), Oren Hardi (kontrabas) və Gilad Hekselman (gitara) ilə birgə çıxış etdi.
İyulun 4-də məşhur caz pianoçusu, janrın korifeyi Kuinsi Consun komandasından "Gremmi" mükafatının nominantı Alfredo Rodrigesin dünya turnesi çərçivəsində Migel Ximenes (bas gitara) və Maykl Oliver (zərb alətləri) ilə triosunun füsunkar konserti keçirilib.
Bayramın yekun akkordu iyulun 7-də Oleq Lundstrem adına caz orkestrinin çıxışı olacaq. Bakıda ilk dəfə 2019-cu ildə çıxış edərək o vaxtdan dinləyicilərimizin rəğbətini qazanmış kollektiv bu dəfə də onları öz yaradıcılığı ilə sevindirəcək. Konsert Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək.
Park zonasında konsertlərə giriş sərbəstdir.