Son dəqiqə

Azərbaycan Qazaxıstan

Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib

BAKI,TurkicWorld

Azərbaycan və Qazaxıstan arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, "Samruk-Kazına" ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və "Qazaxıstan Dəmir Yolları"nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirib.

Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın genişləndirilməsi, o cümlədən bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda Orta Dəhlizin inkişafına dair Saziş layihəsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aset Nusupov Trend-ə verdiyi özəl müsahibədə Qazaxıstan və Azərbaycanın Orta Dəhliz vasitəsilə marşrut üzrə qarşılıqlı bağlılığının süni intellekt əsaslı birgə həllərin hazırlanması üçün unikal zəmin yaratdığını bildirib.

Nazir müavini həmçinin vurğulayıb ki, Orta Dəhliz, yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) son onillikdə Qazaxıstanın əsas strateji aktivlərindən birinə çevrilib.

"Rəqəmlər bunu açıq şəkildə göstərir. 2022–2025-ci illər ərzində marşrut üzrə yükdaşımaların həcmi beş dəfədən çox artıb. 2025-ci ilin yekunlarına əsasən, ümumi yük axını 4,5–4,7 milyon tona çatıb. Bunun 76 900 TEU-su konteyner daşımalarının payına düşür ki, bu da əvvəlki illə müqayisədə 36 faiz çoxdur", – deyə nazir müavini bildirib.

O qeyd edib ki, 2026-cı ilin birinci rübündə bu marşrutla 125 konteyner qatarı hərəkət edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz çoxdur. Eyni dövrdə Sian–Ələt limanı marşrutu üzrə 85 qatar hərəkət edib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Marşrut üzrə çatdırılma müddəti isə təxminən iki dəfə azalaraq 28–32 gündən 11–13 günə enib.

Onun sözlərinə görə, bu dəhlizin Qazaxıstan-Azərbaycan əməkdaşlığı baxımından əhəmiyyətini yüksək qiymətləndirməmək mümkün deyil. Məhz marşrutun qərb istiqamətindəki əsas hissəsi Azərbaycandan keçir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Mövzuya görə xəbərlər