Bakı. TurkicWorld
Azərbaycan Tacikistanın COP29-da fəal iştirakına ümid edir.
TurkicWorld-un məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Tacikistanın müstəqilliyinin 33-cü ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
“Bildiyiniz kimi, ölkəmiz bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransına fəal şəkildə hazırlaşır və biz Tacikistanın fəal iştirakına ümid edirik. Əminik ki, tacikistanlı həmkarlarımız bu konfransın uğurla keçməsinə mühüm töhfə verəcəklər”, - deyə nazir bildirib.
S.Babayev Azərbaycan ilə Tacikistan arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Onun sözlərinə görə, ölkələr arasında yüksək səviyyəli səfərlər zamanı imzalanmış 90-a yaxın sənəd mövcud münasibətlər üçün geniş hüquqi baza yaradıb.
“Bu ilin mayında Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda imzalanmış kommersiya müqavilələri və sazişlərinin ümumi dəyəri 700 milyon dolları ötüb. Bu, ikitərəfli iqtisadi və ticarət əlaqələrində əhəmiyyətli artım potensialından xəbər verir. Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərinə nəqliyyat və logistika, sənaye əməkdaşlığı və investisiya layihələri daxildir”, - deyə nazir bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. İngilis dilindən tərcümə edilən COP (Conference of Parties) abbreviaturası “Tərəflərin Konfransı” deməkdir, bu İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqandır.
Konvensiyanın iştirakçısı olan 198 ölkə var. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.