BAKI,TurkicWorld Orxan Qədirzadə
Yunanıstanın Milli Təhlükəsizlik Baş Katibi Tanos Dokosun özlərini Ukrayna rəsmiləri kimi təqdim edən rusiyalı komediyaçıların telefon zarafatının hədəfinə çevrilməsi ölkədə siyasi mübahisələrə səbəb olub. Hadisədən sonra müxalifət partiyaları onun vəzifədən azad edilməsini tələb edib.
Məlumata görə, Tanos Dokos özünü Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov kimi təqdim edən şəxslə videobağlantı vasitəsilə təxminən 12 dəqiqə danışıb. Söhbət zamanı o, Ukraynadakı müharibə və NATO sammiti ilə bağlı fikirlərini bölüşüb.
Sonradan məlum olub ki, danışığın qarşı tərəfində "Vovan və Lexus" ləqəbləri ilə tanınan rusiyalı komediyaçılar Vladimir Kuznetsov və Aleksey Stolyarov olublar. Onlar söhbətin görüntülərini yayımlayıblar.
Rusiyalı komediyaçılar Yunanıstanın "Mega" televiziya kanalına açıqlamalarında Tanos Dokosu xüsusi olaraq hədəfə almadıqlarını bildiriblər. Onların sözlərinə görə, Baltik və Balkan ölkələrinin milli təhlükəsizlik müşavirlərinə göndərdikləri elektron məktublar çərçivəsində Dokosa da müraciət edilib və əlaqə qurmaq mümkün olub.
Komediyaçılar Yunanıstan hökumətinin hadisəni "süni intellekt dəstəyi ilə həyata keçirilmiş hibrid hücum" kimi qiymətləndirməsini qəbul etməyiblər. Onlar yalnız elektron poçt ünvanı və makiyajdan istifadə etməklə Dokosu aldatdıqlarını bildiriblər.
"Əgər adi Gmail elektron poçt hesabından göndərilən məktub vasitəsilə bir ölkənin Milli Təhlükəsizlik Baş Katibi ilə görüş təşkil etmək mümkündürsə, bu, təhlükəsizlik prosedurlarında ciddi problemlərin olduğunu göstərir. Ölkənizin milli təhlükəsizlik prosedurları adına təəssüf edirik", – deyə onlar vurğulayıblar.
Yayımlanan videoda məxfi məlumatların açıqlanması ilə bağlı iddialara münasibət bildirən komediyaçılar qeyd ediblər ki, yalnız izləyici üçün maraqlı olmayan hissələr montaj zamanı çıxarılıb. Onlar Yunanıstan hakimiyyətinin hansı məlumatları dövlət sirri hesab etdiyini bilmədiklərini də əlavə ediblər.
Yunanıstan hökuməti isə hadisənin inkişaf etmiş süni intellekt texnologiyalarından istifadə olunmaqla təhlükəsizlik protokollarına qarşı həyata keçirilmiş hibrid hücum olduğunu bəyan edib. Rəsmi Afina görüş zamanı dövlət sirri və ya məxfi məlumatların paylaşılmadığını bildirərək rabitə təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni proqramın icrasına başlanıldığını açıqlayıb.
Hadisə ölkədə siyasi qarşıdurmanı daha da dərinləşdirib. Əsas müxalifət qüvvəsi olan Panellin Sosialist Hərəkatı hökuməti baş verənləri kiçiltməyə çalışmaqda ittiham edərək Tanos Dokosun dərhal vəzifədən uzaqlaşdırılmasını tələb edib.
Partiya həmçinin hökumətdən görüşə dair əlavə görüntü və ya məlumatların sızdırılıb-sızdırılmadığını açıqlamağı istəyib. Bəyanatda Yunanıstan Milli Kəşfiyyat Xidmətinin rəhbərinin xarici səfərləri ilə bağlı məlumatların dövlət sirri olub-olmaması da sual altına alınıb.
Yunanıstan Kommunist Partiyası isə hadisənin ölkənin müharibə proseslərinə cəlb olunmasının yaratdığı təhlükəsizlik risklərini üzə çıxardığını bildirib. Partiyanın fikrincə, Tanos Dokos söhbət zamanı Ukraynanın hərbi fəaliyyətinə anlayış nümayiş etdirib və hökumət ölkəni müharibə ilə əlaqəli proseslərə cəlb edib.
Radikal Sol Koalisiya Partiyası da hökumətin təhlükəsizlik sahəsində ciddi idarəetmə zəifliyi nümayiş etdirdiyini bəyan edib. Partiya hökuməti ətraflı izahat verməyə və siyasi məsuliyyət daşımağa çağırıb.
Yunanıstanın sabiq baş naziri Andonis Samaras da hadisəyə münasibət bildirərək "Cənab Dokos hələ də vəzifəsinin başındadırmı?" sualı ilə hökumətin mövqeyini tənqid edib.