BAKI,TurkicWorld Yusif Şərifzadə
Livanın davam edən müharibə şəraiti ölkə iqtisadiyyatına ciddi zərər vurur və bu il iqtisadiyyatın ən azı 7 faiz daralacağı gözlənilir. Bəzi qiymətləndirmələrə görə, ümumi itkilər təxminən 20 milyard dollara çata bilər.
TurkicWorld xəbər verir ki, Livanın maliyyə naziri Yassin Caber “Reuters” agentliyinə bildirib ki, mövcud müharibə 2026-cı ildə də iqtisadi artımı 7–10 faiz arasında azalda bilər.
Dünya Bankının məlumatına əsasən, 2024-cü ildə baş verən münaqişə Livana ən azı 8,5 milyard dollarlıq fiziki və iqtisadi zərər vurub. Həmin il ölkənin real ÜDM-i 7,1 faiz azalıb və 2019-cu ildən bəri ümumi iqtisadi geriləmə təxminən 40 faizə çatıb.
Yanvar ayında Dünya Bankı sabitlik, bərpa yardımı və maliyyə islahatları davam edərsə, 2026-cı ildə 4 faizlik iqtisadi artım ehtimalı olduğunu proqnozlaşdırmışdı.
Nazir əlavə edib ki, hökumət bu il büdcə profisiti gözləsə də, müharibə nəticəsində evlərini tərk edən 1 milyondan çox insana dəstək üçün 50 milyon dollar dövlət vəsaiti ayrılıb.