BAKI, TurkicWorld, Orxan Qədirzadə
"The Wall Street Journal" (WSJ) qəzeti ABŞ rəsmi dairələrinə istinadən xəbər verir ki, Vaşinqton İranla yeni sazişin əldə olunması naminə özünün bəzi sərt tələblərindən güzəştə getməyə hazırlaşır. Bu addım regionda gərginliyin azaldılması üçün yeni diplomatik manevr kimi qiymətləndirilir.
TurkicWorld xəbər verir ki, qəzetin məlumatına görə, regional vasitəçilər rəsmi Tehrana bildiriblər ki, Prezident Donald Tramp özünün sərt hədələrinə və ultimatumlarına baxmayaraq, əslində atəşkəs əldə olunmasında olduqca maraqlıdır.
Buna baxmayaraq, İran tərəfində Vaşinqtonun niyyətlərinə qarşı dərin inamsızlıq hökm sürür. WSJ-nin xəbərində qeyd olunur ki, iranlı vasitəçilər ABŞ-ın bu "güzəşt" təkliflərinə şübhə ilə yanaşırlar. Onların qənaətinə görə, ABŞ tərəfi təklif olunan 45 günlük keçid dövründən və ya atəşkəs müddətindən əslində diplomatiya üçün deyil, İranın strateji obyektlərinə qarşı daha genişmiqyaslı və sarsıdıcı hücumlar hazırlamaq üçün istifadə edə bilər.
Analitiklər hesab edirlər ki, Tramp administrasiyasının bu taktiki geriçəkilməsi həm daxili auditoriyaya "sülhməramlı" mesaj vermək, həm də İranı danışıqlar masasına cəlb edərək hərbi hazırlıqları tamamlamaq məqsədi daşıya bilər. Bu informasiya partlayışı Trampın çərşənbə axşamına qədər qoyduğu ultimatumun bitməsinə saatlar qalmış gəlməsi ilə vəziyyəti daha da qəlizləşdirir.







