Son dəqiqə

Livan Baş naziri Navaf Salam müharibənin İran tərəfindən idarə olunduğunu bəyan edib. İran İnqilab Keşikçilərinin Livan ərazisinə saxta pasportlarla daxil olduğu üzrə çıxıb. Hizbullahın Livanı xalqın iradəsi olmadan müharibəyə sürüklədiyi açıqlanıb. Kiprdəki Britaniya bazasına hücumun Livan ərazisindən edildiyi rəsmən təsdiqlənib. Beyrut rəsmiləri ölkədəki İran hərbi qüvvələrinin fəaliyyətinə rəsmən qadağa qoyub. Baş nazir Hizbullahın silahlarını dövlətə təhvil verməsi üçün son çağırışını edib.

Livanın Baş nazirindən ittiham - İran bizi müharibəyə sürükləyib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin İsrail ilə müharibəyə cəlb olunmasında birbaşa İranı və "Hizbullah" hərəkatını ittiham edib. O, ölkədəki hərbi əməliyyatların birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğunu bəyan edib.

TurkicWorld xəbər verir ki, Baş nazir Salam telekanallardan birinə verdiyi müsahibədə "Hizbullah"ın Livanı xəbərdarlıq etmədən müharibəyə sürüklədiyini bildirib. Onun sözlərinə görə, fevralın 28-də Əli Xameneinin ölümü ilə əlaqədar başladılan raket hücumları Livanın deyil, İranın maraqlarına xidmət edib. "Bu o deməkdir ki, müharibə bizə zorla qəbul etdirilib" – deyə Baş nazir vurğulayıb.

Nəvaf Salam İran qüvvələrinin Livanda qanunsuz şəkildə mövcud olduğunu və hərbi əməliyyatları idarə etdiyini təsdiqləyib. O qeyd edib ki, SEPAH nümayəndələri ölkəyə saxta pasportlarla daxil olublar və hazırda bütün koordinasiyanı öz əllərinə alıblar.

Baş nazir həmçinin Kiprdəki Britaniya hərbi bazasına həyata keçirilən dron hücumlarına da toxunub. O, bu aparatların məhz Livan ərazisindən buraxıldığını və hücumun birbaşa İran tərəfindən koordinasiya edildiyini bildirib. Kipr rəsmilərinin daha əvvəl səsləndirdiyi "zərbə Livan ərazisindən endirilib" iddiası bununla da rəsmi Beyrut tərəfindən təsdiqini tapıb.

Xatırladaq ki, Livan hakimiyyəti bu ayın əvvəlində ölkə ərazisində İran İnqilab Keşikçilərinin fəaliyyətini rəsmən qadağan edib. Eyni zamanda "Hizbullah"ın hərbi və təhlükəsizlik fəaliyyətləri dayandırılıb, təşkilata silahlarını dövlətə təhvil vermək barədə çağırış edilib. Baş nazir hökumətin bu qərarların icrasında israrlı olduğunu və Livanın suverenliyini bərpa etmək üçün çalışdıqlarını əlavə edib.